Lukaşenko: Maduro narkoman deyil
Belarus prezidenti Aleksandr Lukaşenko Venesuela lideri Nikolas Maduronun narkotiklərlə əlaqələndirilməsini əsassız adlandırıb. O, ABŞ-dəki narkotik dövriyyəsinin böyük hissəsinin məhz Venesueladan qaynaqlandığı barədə səsləndirilən iddialara şübhə ilə yanaşıb və bu mövzuda Donald Trampın fikirlərinə inanmadığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Lukaşenko vurğulayıb ki, narkotik axınının əsas səbəbi konkret ölkələr deyil, həmin regionlarda mövcud olan yüksək tələbatdır. Onun sözlərinə görə, əgər cəmiyyətlərdə narkotikə maraq və istehlak olmasaydı, bu cür genişmiqyaslı narkotrafikdən də danışmaq olmazdı.
Belarus lideri dolayısı ilə Qərbin bəzi ölkələri günahlandırmaqla məsuliyyətdən yayınmağa çalışdığını da ima edib. Lukaşenkonun fikrincə, problemin kökü daha dərindir və bu, sosial-iqtisadi faktorlarla, eləcə də daxili nəzarət mexanizmlərinin zəifliyi ilə bağlıdır.
Beləliklə, Lukaşenko Maduronun “narkodövlət” rəhbəri kimi təqdim olunmasını qəbul etmədiyini açıq şəkildə ortaya qoyub və beynəlxalq narkotik probleminə daha obyektiv yanaşmanın vacibliyini qeyd edib.
Sevinc Yarməmmədova
20:50 16.12.2025
Oxunuş sayı: 774