Rusiya "Tramp marşrutu" təşəbbüsü üzrə məsləhətləşmələrə hazırdır
Rusiya tərəfi "Tramp marşrutu" təşəbbüsünün parametrləri ilə bağlı Ermənistanla məsləhətləşmələr aparmağa hazırdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin erməni mətbuatına açıqlamasında bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Ermənistan–ABŞ formatında irəli sürülən layihənin detalları hələ öyrənilməlidir, lakin Moskva həm təşəbbüsün məzmununun, həm də Rusiyanın mümkün iştirakının müzakirəsinə açıqdır. Kaluqin qeyd edib ki, bunun üçün kifayət qədər əsas mövcuddur.
Diplomat vurğulayıb ki, söhbət mahiyyət etibarilə üçtərəfli işçi qrup çərçivəsində əvvəllər razılaşdırılmış marşrutun bir hissəsindən gedir. O xatırladıb ki, Ermənistanın dəmir yolu şəbəkəsi Rusiya Dəmir Yollarının törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu"nun idarəçiliyindədir və regionda Rusiya dəmir yolu ölçülərindən istifadə olunur.
Kaluqinin sözlərinə görə, marşrutun əsas hissəsi Rusiya sərhədçilərinin məsuliyyət zonası üzrə keçəcək. O, həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olduğunu xatırladaraq, bu təşəbbüsün Rusiyanın iştirakı olmadan həyata keçirilməsinin çətin olacağını qeyd edib.
Nigar Yahyazadə
17:00 16.12.2025
Oxunuş sayı: 1061