Ruanda soyqırımı: Fransa bankı məhkəmə qarşısında
1994-cü ildə Ruandada baş vermiş faciəli hadisələrlə bağlı Fransanın maliyyə institutlarının mümkün rolu yenidən gündəmə gəlib. Yeni hüquqi addımlar bu tarixi məsələnin beynəlxalq səviyyədə müzakirəsini və Fransa–Ruanda münasibətlərindəki həssaslığı bir daha ön plana çıxarır
Crossmedia.az Africa Confidential saytına istinadən xəbər verir ki, Fransa Bankına (Banque de France) qarşı 1994-cü ildə Ruandada baş vermiş soyqırımında mümkün iştiraka görə məhkəmə iddiası qaldırılıb.
İddia 4 dekabr tarixində vəkillər Matilda Ferey və Jozef Breham tərəfindən Dafroza və Alen Gotye, həmçinin Ruanda Vətəndaş Tərəfləri Kollektivi adından təqdim edilib. Sənəd Paris məhkəməsinin insanlığa qarşı cinayətlər üzrə baş istintaq hakiminə ünvanlanıb.
Bu addımın Fransa ilə Ruanda hakimiyyəti, xüsusilə prezident Pol Kaqame rəhbərliyi arasındakı münasibətləri yenidən gərginləşdirə biləcəyi bildirilir.
İttihamların mahiyyəti ondan ibarətdir ki, Fransa Bankı ruandalı bankın hesabından ümumilikdə 3,17 milyon frank (təxminən 486 min avro) məbləğində yeddi köçürməni təsdiqləyib. Bu köçürmələrə Alcatel şirkətinə peyk telefonlarının alınması üçün edilən ödənişlər də daxildir.
Bu, oxşar məzmunlu ilk iddia deyil. 2017-ci ildə BNP Paribas bankına qarşı Cənubi Afrikalı silah tacirinə 1,3 milyon ABŞ dolları köçürülməsi ilə bağlı iddia qaldırılmışdı.Həmin köçürmənin Ruandaya silah tədarükünə töhfə verdiyi iddia olunurdu.
1994-cü il soyqırımı zamanı Fransanın və prezident Fransua Mitteran hökumətinin silah tədarükündəki rolu, eləcə də BMT-nin silah embarqosunun pozulması məsələsi Paris və Kiqali arasında onilliklərdir mübahisə mövzusu olaraq qalır.
2008-ci ildə Pol Kaqame Fransanı soyqırımında iştirakda ittiham edən komissiya hesabatını dərc etmişdi. Bu addım fransız hakimi Jan-Lui Brügyerin Kaqame və Ruanda Vətənpərvər Cəbhəsinin bir sıra nümayəndələri barəsində həbs orderləri tələb etməsinə cavab olaraq atılmışdı
Zeynəb Xuduyeva
15:07 16.12.2025
Oxunuş sayı: 1045