Novorossiyskdə Rusiya sualtı qayığı dəniz dronları ilə vurulub
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Novorossiysk şəhərində yerləşən hərbi-dəniz bazasında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayığın məhv edildiyini açıqlayıb.
Bu barədə Crossmedia.az Ukrayna mediasının yaydığı məlumata istinadən xəbər verir.
NATO təsnifatında Kilo, Rusiya təsnifatında isə 636.3 layihəli “Varşavyanka” tipli sualtı qayıq Sub Sea Baby adlı sualtı pilotsuz dəniz aparatları vasitəsilə hücuma məruz qalıb. Bildirilir ki, nəticədə sualtı qayıq kritik zədələr alıb və faktiki olaraq sıradan çıxarılıb. Hadisə ilə bağlı video material da yayılıb.
Qurum əməliyyatın SBU-nun Hərbi Əks-Kəşfiyyatının 13-cü Baş İdarəsi və Ukrayna Hərbi-Dəniz Qüvvələrinin birgə fəaliyyəti nəticəsində həyata keçirildiyini bildirib.
Bununla yanaşı, Rusiya Federasiyasının Qara dəniz donanması yayılan məlumatları təkzib edib. Rəsmi açıqlamada qeyd olunur ki, Ukrayna tərəfinin sualtı qayığın məhv edilməsi ilə bağlı iddiaları həqiqətə uyğun deyil. Donanmanın bildirdiyinə görə, sualtı pilotsuz aparatla həyata keçirilən diversiya cəhdi uğursuz olub və Novorossiysk hərbi-dəniz bazasında hər hansı gəmi, sualtı qayıq və ya şəxsi heyət zərər görməyib.
Mehriban İbrahimli
14:56 16.12.2025
Oxunuş sayı: 1040