Türk dünyasının gələcək strategiyası: Ərdoğan vizyon sənədini açıqladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təşkil etdiyi “Türk dünyasının vizyon sənədi”nin təqdimat proqramında iştirak edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Ərdoğan bildirib ki, sənəd türk xalqlarının tarixi təcrübəsini bir araya gətirir və qarşıdakı yüzilliyin inşası üçün mühüm yol xəritəsi rolunu oynayır. Onun sözlərinə görə, materiallar altı dildə hazırlanıb və AKP-nin türk dövlətləri arasında birliyi möhkəmləndirmək niyyətini əks etdirir.
Prezident vurğulayıb ki, sənəddə əsas təşəbbüslər sırasında enerji dəhlizlərinin genişləndirilməsi, logistika imkanlarının artırılması və rəqəmsal infrastrukturun inkişafı yer alır. Bu addımların türk dünyasını qlobal iqtisadi gücə çevirməsi hədəflənir.
Ərdoğan, həmçinin, türk ölkələri ilə xarici ticarət dövriyyəsinin orta müddətli perspektivdə 60 milyard dollara, uzunmüddətli dövrdə isə 100 milyard dollara çatdırılmasının planlaşdırıldığını açıqlayıb. Strategiyanın icrası üçün xüsusi tədqiqat mərkəzinin yaradılacağı da bildirilib.
Qeyd olunub ki, Türkiyə türk xalqları üçün “xarici vətəndaş” statusunu ləğv edib. Son beş ildə Türkiyənin Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ticarət dövriyyəsi 62,6 milyard dollar təşkil edib.
Sevinc Yarməmmədova
18:43 15.12.2025
Oxunuş sayı: 869