Türkiyə XİN: Odessa limanına hücum dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqları təsdiqləyir
Türkiyə Xarici İşlər Nazirliyi açıqlama verərək bildirib ki, bu gün Ukraynanın Çornomorsk (Odessa) limanına edilən hücum zamanı bir türk şirkətinə məxsus xarici bayraqlı gəmidə ziyan dəyib.
Crossmedia.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, Nazirliyin açıqlamasında qeyd olunur ki, hadisə bölgədə davam edən müharibənin Qara dənizə yayıldığını və əvvəllər bildirilən dəniz təhlükəsizliyi və naviqasiya azadlığı ilə bağlı narahatlıqları təsdiqləyir.
İlkin məlumatlara görə, gəmidəki heyət və yük maşını sürücüləri təxliyə olunub, hücum zamanı heç bir türk vətəndaşı xəsarət almayıb. Odessadakı Baş Konsulluq hadisələri yaxından izləyir və vətəndaşlara dəstək göstərir.
Türkiyə XİN həmçinin Rusiya ilə Ukrayna arasındakı müharibəyə təcili olaraq son qoyulmasının vacibliyini vurğulayıb və Qara dənizdə eskalasiyanın qarşısını almaq, naviqasiya təhlükəsizliyini təmin etmək, eləcə də hər iki tərəfin enerji və liman infrastrukturuna hücumların dayandırılmasının vacib olduğunu qeyd edib.
14:12 13.12.2025
Oxunuş sayı: 1158