Fələstini dəstəkləyən fəallar etiraz aksiyası keçiriblər
Londonda Fələstini dəstəkləyən fəallar BBC-nin baş ofisinə daxil olaraq etiraz aksiyası keçiriblər. Məlumata görə, bir qrup propalestin aktivist BBC-nin London mərkəzində yerləşən binasına daxil olub. Etirazçılar Fələstinə dəstək şüarları səsləndirib, plakatlar qaldıraraq “Sizin də əlləriniz qana batıb” ifadəsini səsləndiriblər. Onlar Böyük Britaniyanın dövlət yayımçısını Yaxın Şərqdə baş verən hadisələri, xüsusilə Qəzza zolağındakı vəziyyəti birtərəfli və qərəzli şəkildə işıqlandırmaqda ittiham ediblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Aksiya iştirakçıları BBC-nin İsrail-Fələstin münaqişəsi ilə bağlı xəbərlərində Fələstin tərəfinin çəkdiyi humanitar itkilərə lazımi diqqət ayırmadığını bildiriblər. Onların sözlərinə görə, media qurumu İsrailin hərbi əməliyyatları nəticəsində mülki əhalinin üzləşdiyi ağır vəziyyəti kölgədə qoyur və ictimai rəyi yanlış istiqamətdə formalaşdırır.
Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub. Polis binada nəzarəti bərpa edib, etirazın detalları və mümkün saxlanılanlar barədə əlavə məlumat verilməyib. BBC rəhbərliyi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, son aylarda Avropa paytaxtlarında İsrail-Fələstin münaqişəsi fonunda media qurumlarına qarşı etiraz aksiyalarının sayı artmaqdadır.
Günel Verdiyeva
09:46 13.12.2025
Oxunuş sayı: 1569