Ərdoğan: Türkiyə Ukrayna ilə bağlı istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazırdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Ukrayna üzrə danışıqların təşkilinə hər zaman açıqdır və münaqişənin diplomatik yolla həllini dəstəkləyir.
Crossmedia.az "İzvestiya"-ya istinadən xəbər verir ki, Ərdoğan bu fikirləri dekabrın 12-də Aşqabadda rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı səsləndirib. Onun sözlərinə görə, Türkiyə müharibəyə son qoymaq üçün gedən prosesləri yaxından izləyir və “istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazırdır”.
Görüşdə tərəflər Ukraynada sülh səylərini müzakirə ediblər. Ərdoğan xüsusilə enerji obyektləri və limanlara hücumların dayandırılması ilə bağlı mümkün moratorium ideyasını dəstəkləyib. Liderlər həmçinin Avropa Birliyinin Rusiya aktivlərini dondurmaq cəhdlərini ətraflı müzakirə ediblər.
Türkiyə dövlət başçısı vurğulayıb ki, Ukrayna ilə Rusiya arasında “ədalətli və davamlı sülhün” əldə olunması böyük əhəmiyyət daşıyır. “Hər iki tərəf üçün praktik fayda verən sahələrdə irəliləyiş mümkündür”, - deyə o bildirib.
Bununla yanaşı, həmin gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın çətin seçimlə üzləşdiyini bildirib və danışıqlara hazır olmağın vacibliyini vurğulayıb. O, Ankaranın dialoq üçün platforma rolunu oynamağa hazır olduğunu bir daha xatırladıb.
Türkan Kərimli
19:27 12.12.2025
Oxunuş sayı: 1171