Azərbaycan ilə yəhudi dövləti arasında yaranmış əməkdaşlıq Yaxın Şərq üçün nümunə ola bilər
Azərbaycan və İsrail arasında genişlənən əməkdaşlıq fonunda ABŞ-lı ravvin Samuel Kohonun bölgəyə səfəri bu münasibətlərin dini və ictimai tərəflərinə yeni baxış təqdim edir. Onun müşahidələri iki ölkə arasında artan etimad və dialoqun regional sülh üçün əhəmiyyətini bir daha vurğulayır
Crossmedia.az Arizona Jewish Post qəzetinə istinadən xəbər verir ki, ABŞ-lı ravvin Samuel Kohonun Azərbaycan və İsrailə səfəri barədə məqalə dərc edilib. Yazı iki ölkə arasında dinamik şəkildə inkişaf edən münasibətlərə həsr olunub.
Kohon qeyd edir ki, Amerika ravvinlərindən ibarət nümayəndə heyətinin səfəri yüksək səviyyəli görüşləri əhatə edib — səfirlərlə, parlament üzvləri, nazirlər və ekspertlərlə görüşlər keçirilib, həmçinin Bakıda və İsraildə yəhudi icmaları ilə görüşlər təşkil olunub.
Ravvin vurğulayır ki, Azərbaycan İsraillə sıx və qarşılıqlı faydalı əlaqələr saxlayan nadir müsəlman ölkələrindən biridir və ölkədə yəhudilərin minillik tarixə malik olduğunu bildirir. O, Azərbaycanın strateji mövqeyinə, Təl-Əvivlə möhkəm tərəfdaşlığına və təhlükəsizlik sahəsində göstərilən dəstəyə görə Bakının İsrailə olan minnətdarlığına diqqət çəkir.
Kohon Bakının İçərişəhərində nümayəndə heyətinin qarşısında yerli rəssamın terror qurbanlarının və israilli əsgərlərin portretlərini təqdim etdiyi təsirli anı təsvir edir. İsraildə isə ravvini ölkədə həyat ritminin nisbətən daha sakit məcraya dönməsi təəssüratlandırıb, baxmayaraq ki, 7 oktyabr faciələri və döyüş itkiləri ilə bağlı yerlərə baş çəkmək onun üçün ağır olub.
“Torada yaxınlarda oxunan fəsillərdə iki qardaş — Yaqub və Esav arasında uzunmüddətli yadlaşma təsvir olunur. Tez-tez elə təsir bağışlayır ki, bu, yəhudi və müsəlman dünyaları arasında da yaşanır — qardaşlar arasındakı düşmənçilik zorakılığa çevrilib. Amma bu səfər mənə ümid verdi ki, müsəlman Azərbaycan ilə yəhudi dövləti arasında yaranmış barış və əməkdaşlıq gələcək Yaxın Şərq üçün həqiqi nümunə ola bilər. Kim bilər? Əgər yəhudilər və müsəlmanlar sülh içində yaşaya bilirsə, niyə bütün dünya yaşamasın?” — deyə amerikalı ravvin yazıb
Zeynəb Xuduyeva
19:41 12.12.2025
Oxunuş sayı: 1038