Volodimir Zelenski: Ukraynadakı ərazi məsələsi referendum yolu ilə həll oluna bilər
Ukrayna prezidenti Volodimir Zelenski “Obşçestvennoye” telekanalına verdiyi açıqlamada bildirib ki, ölkədəki münaqişənin həlli çərçivəsində ərazi məsələsi ümumxalq səsverməsinə çıxarıla bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, “Ərazi məsələləri ilə bağlı referendum planlaşdırılır, onun necə keçiriləcəyi hələlik məlum deyil”.
Məlumata görə, ABŞ-nin sülh planında Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Rusiyanın həmin boş ərazilərə girməməsi nəzərdə tutulur. Zelenski bildirib ki, Ukraynanın hazırkı mövqeyi “olduğumuz yerdə qalmaqdır”.
Ukraynanın “Strana” nəşri xəbər verir ki, prezident sülh sazişinin Ukrayna Silahlı Qüvvələrinin Donbasın bütün ərazisindən çıxarılmasına dair bəndinə qarşıdır. Dekabrın 10-da Kiyev ABŞ prezidenti Donald Trampın planına ərazi məsələləri və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarəti əhatə edən düzəlişlərini təqdim edib.
“The Telegraph” qəzeti yazır ki, Ukrayna Moskvanın “qarşılıqlı addımı” şərtilə ərazi güzəştlərinə razı ola bilər. “Zerkalo Nedeli” isə bildirir ki, Kiyev Donbasdan çıxarılma müqabilində Rusiya tərəfindən işğal edilmiş Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərinin hissələrini geri almağı hədəfləyir.
Plan Rusiyanın Krım, Donetsk və Luqansk Xalq Respublikaları üzərində nəzarətini nəzərdə tutur. Xerson və Zaporojjya vilayətlərində sərhəd təmas xətti qurulacaq, tərəflər sərhədi güc yolu ilə dəyişdirməmək barədə öhdəlik götürəcəklər.
Bundan əvvəl Ukrayna seçkilərin keçirilməsi ilə bağlı qanun layihələrini açıqlayıb.
23:12 11.12.2025
Oxunuş sayı: 1036