Ukrayna, Avropa, ABŞ və Rusiya arasında diplomatik gərginlik artıb
Ukrayna administrasiyası ABŞ prezidenti Donald Trampın komandasına Vaşinqtonun son sülh planına rəsmi cavabını təqdim edib. Paralel olaraq Belçika baş naziri bildirib ki, bir çox Aİ ölkələri Brüsselin Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə qarşı mövqeyini dəstəkləyir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Donald Tramp “Avropa üçlüyü” adlandırdığı liderlərlə Ukrayna münaqişəsinin həlli barədə sərt danışdığını təsdiqləyib və müharibənin “qısa müddətdə bitə biləcəyini” istisna etməyib. O, həmçinin Vladimir Zelenskini daha realist mövqe tutmağa çağıraraq qeyd edib ki, “ukraynalıların 82 faizi razılaşmanın bağlanmasını istəyir”. Trampın sözlərinə görə, Ukrayna böyük insan itkiləri verir və ölkədə seçkilərin keçirilməməsi demokratikliklə bağlı suallar doğurur.
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Kreml görüşündə “bütün anlaşılmazlıqlar aradan qaldırılıb”. Moskva Vaşinqtona kollektiv təhlükəsizlik təminatları ilə bağlı əlavə təkliflər təqdim edib.
Almaniya kansleri açıqlayıb ki, Avropa tərəfi ABŞ-a Ukraynanın nəzərdən keçirə biləcəyi mümkün ərazi güzəştlərinə dair sənəd verib. O vurğulayıb ki, yekun qərarı Ukrayna prezidenti və Ukrayna xalqı verməlidir. Avropa-ABŞ danışıqlarının həftə sonu yenidən baş tutacağı, gələn həftənin əvvəlində isə Berlində görüşün mümkün olacağı bildirilir.
Bu arada NATO baş katibi Mark Rutte sərt xəbərdarlıq edib: “Biz Rusiyanın növbəti hədəfiyik”. Onun sözlərinə görə, Moskva öz imperiya təsirini bərpa etməyə çalışır və Alyans ölkələri müdafiəni gücləndirmək üçün sürətlənməlidir.
Diplomatik gərginliyin fonunda Pokrovskda davam edən ağır döyüşlər arasında şəhər mərkəzində Ukrayna bayrağı qaldırılıb.
Sevinc Yarməmmədova
20:17 11.12.2025
Oxunuş sayı: 874