Qərbi Azərbaycana qayıdış başladı - Paşinyan üçün çıxış yolu yoxdur
Prezident İlham Əliyevin “Qərbi Azərbaycan icmasının üzvlərinin öz ata-baba yurdlarına qayıdacağına inanırıq” fikri təkcə emosional çağırış deyil, həm də Azərbaycanın post-müharibə dövründə formalaşdırdığı yeni geosiyasi reallığın əsas istiqamətlərindən biridir. Bu bəyanat göstərir ki, rəsmi Bakı Qərbi Azərbaycan məsələsini artıq tarixi yaddaşın bir hissəsi kimi yox, konkret siyasi-hüquqi hədəf olaraq gündəmə gətirir. Regionda yaranan yeni təhlükəsizlik mühiti, sülh sazişi ilə bağlı gedən müzakirələr və Azərbaycanın artan diplomatik imkanları bu qayıdış perspektivinin real mexanizmlərlə müzakirə olunmasına şərait yaradır.
Üstəlik, beynəlxalq hüququn məcburi köçkünlərin geri qayıtmaq hüququnu tanıması, eyni zamanda Ermənistanda demoqrafik və siyasi balansın dəyişməsi də Qərbi Azərbaycana qayıdış məsələsini əvvəlki illərlə müqayisədə daha real müstəviyə çıxarır. Bütün bunlar onu deməyə əsas verir ki, regionda baş verən hər bir yeni proses Qərbi Azərbaycan icmasının tarixi torpaqlarına dönüş perspektivini daha açıq şəkildə gündəmə gətirir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib: "Qərbi Azərbaycana qayıdış bu gün qarşımızda duran əsas milli vəzifələrdən biridir. Çünki bizə məxsus olan tarixi və etno-coğrafi ərazilərdə öz mədəniyyətimizi bərpa etmək, mirasımızı yaşatmaq Qərbi azərbaycanlıların haqqı və hüququdur. Bu hüquq həm beynəlxalq konvensiyalarda, həm də beynəlxalq ictimai rəydə öz təsdiqini tapır. Məlum olduğu kimi, Qərbi azərbaycanlılar öz tarixi torpaqlarından Qarabağ münaqişəsi dövründə həyata keçirilən etnik təmizləmə nəticəsində qovulublar. Bugün artıq Qarabağ problemi mövcud deyilsə və post-müharibə dövründə müharibənin doğurduğu nəticələr aradan qaldırılırsa, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması tamamilə təbii və legitim prosesdir. Prezidentin də qeyd etdiyi kimi, bu qayıdış avtomobillə, sülh yolu ilə baş verməlidir və Qərbi Azərbaycana Qayıdış Konsepsiyası məhz bütün bu məqamları özündə ehtiva edir".
Deputat qeyd edib ki, reallıq tərəfinə gəldikdə isə, əgər beynəlxalq hüquq bu prosesi mümkün edirsə, etnik təmizləməyə məruz qalmış insanlar öz torpaqlarına qayıtmaq istəyirlərsə və gedəcəkləri ölkənin – yəni Ermənistanın – vətəndaşlığını qəbul etməyə hazırdırırlarsa, bu prosesin həyata keçməsi üçün heç bir maneə qalmır: "Qərbi azərbaycanlılar sovet dövrünə qədər vətəndaşı olduqları ölkənin vətəndaşı kimi geri dönmək istəyirlər. Onların nə separatçılıq, nə bölücülük, nə də başqa hansısa siyasi məqsədi var – tək niyyətləri öz ana yurdlarında, öz tarixi torpaqlarında normal həyat sürməkdir. Ona görə bu proses tamamilə realdır və ümid etmək olar ki, çox da uzaq olmayan gələcəkdə Qərbi Azərbaycana qayıdışın praktiki mərhələsinin şahidi olacağıq".

Məsələ ilə bağlı Qərbi Azərbaycan icması ziyalılar şurasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev də fikirlərini bölüşüb: "Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır. Azərbaycanlılar tarixin bütün dövrlərində özlərinə məxsus torpaqlarda, ərazilərdə yaşayıblar və zəngin maddi-mədəni irs nümunələri ərsəyə gətiriblər. 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay və 1829-cu ildə imzalanan Ədirnə sülh müqaviləsi nəticəsində İran və Türkiyə ərazisindən ermənilər Qərbi Azərbaycana köçürülüb. Əvvəlcə azərbaycanlılar üçün müqəddəs olan bir gündə — 1828-ci il martın 21-də, Novruz bayramı günündə, Qərbi Azərbaycana gəlib yerləşən ermənilərə vilayət statusu verilib və bunların hamısı çar Rusiyası tərəfindən həyata keçirilib. Qərbi Azərbaycanın, o cümlədən İrəvan xanlığının işğal olunması və ardınca İran və Türkiyədən, xüsusilə Şərqi Anadoludan ermənilərin köçürülməsi Rusiyanın apardığı siyasətin nəticəsi olub. Daha sonra bu prosesə 1918–1920-ci illərdə böyük dövlətlər — Qafqazda erməni dövləti yaratmaq istəyən İngiltərə və Fransa da qoşulublar. 1918–1920-ci illərdə Azərbaycan torpaqlarında İrəvan mərkəzli qondarma Ermənistan dövləti qurulub. Həmin dövrdən etibarən ərazini mənimsəmək üçün azərbaycanlılara qarşı terror və soyqırımı aksiyaları həyata keçirilib. Azərbaycanlılar kütləvi şəkildə qovulub, minlərlə soydaşımız qətlə yetirilib, soyqırımına məruz qalıb".
Ə.Vəliyev qeyd edib ki, 1920-ci ildən sonra — 1921–1922-ci illərdə hökumət dəyişikliyi ilə ərazinin boş qalması və kənd təsərrüfatının yararsız vəziyyətə düşməsi səbəbilə azərbaycanlıların bir qismi geri qaytarılıb və aid olduqları ərazilərdə yenidən məskunlaşmağa başlayıblar: "Lakin azərbaycanlıların sayının artması erməniləri narahat edib və 1947–1953-cü illərdə onlar azərbaycanlıları kütləvi deportasiyaya məruz qoyublar. Qeydlərdə 140 mindən çox göstərilsə də, əslində 250 mindən çox azərbaycanlı deportasiya edilib. 1953-cü ildən sonra da bu proses davam etdirilib. Deportasiya olunanların bir hissəsi Çöllər ovalığına, Mil-Muğan düzünə və müxtəlif postsovet ölkələrinə qovulub. Azərbaycanlıların qovulmasından sonra ermənilər ərazini tam mənimsəyiblər, kəndləri dağıdıblar və qayıdış üçün müxtəlif maneələr yaradıblar. 1987–1991-ci illərdə isə azərbaycanlılar Ermənistandan tamamilə qovulub və Ermənistan monoetnik dövlətə çevrilib. Bu prosesdən sonra Qərbi Azərbaycana qayıdış məsələsi Qarabağ münaqişəsinə görə ikinci plana keçib və Qarabağ əsas mövzuya çevrilib. 1987–1991-ci illərdə Ermənistandan qovulan azərbaycanlılar cəmiyyətlər yaradıb, təşkilatlanıblar. Qarabağın azad edilməsindən sonra növbəti hədəf Qərbi Azərbaycan məsələsi olub və bu məsələ ümummilli hədəfə çevrilib".
Ekspert bildirib ki, Prezidentin 2022-ci ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının açılışında səsləndirdiyi tarixi çıxışdan sonra qayıdış məsələsi əsas prioritetə çevrilib və Qərbi Azərbaycan İcması yaradılıb: "İcma bütün rayon və kəndlərdən olan sakinlərin siyahıya alınması, onların icma ətrafında birləşdirilməsi, yerli və beynəlxalq konfransların təşkili ilə fəaliyyət göstərir. Qərbi Azərbaycan İcmasının və digər ölkələrdəki qurumların dəstəyi ilə çox sayda elmi nəşrlər, tarixi əsərlər və sənədlər hazırlanıb, tarixi mənbələr əsasında təqdim edilib. Bu fəaliyyətlərin hamısı Qərbi Azərbaycanın Azərbaycan torpağı olmasını təsdiqləmək və sübut etmək məqsədilə həyata keçirilib. Beynəlxalq ictimaiyyətə Qərbi Azərbaycanın tarixi torpaq olması ilə bağlı çoxsaylı məlumatlar, sübutlar, xəritələr və on minlərlə maddi-mədəni irs nümunələri təqdim olunub. Prezidentin AMEA-nın 80 illik yubileyində Göyçə gölünün azərbaycanca adının təsdiqlənməsi və xəritələrdə Köycə kimi qeyd olunması tarixi əhəmiyyətli hadisədir. Prezidentin “Qərbi azərbaycanlılar Qərbi Zəngəzura, Qərbi Azərbaycana qayıdacaqlar” fikri və sülh müqaviləsi imzalandıqdan sonra qayıdışın təmin olunacağı barədə bəyanatı mühüm strateji addımdır. Qərbi azərbaycanlıların Qərbi Zəngəzura qayıdışı sülh yolu ilə, könüllü və ləyaqətli şəkildə həyata keçirilməsi məqsədi daşıyır. Azərbaycanın apardığı siyasət də məhz beynəlxalq zəmanət altında sülh yolu ilə qayıdışa yönəlib. Ermənistan-Azərbaycan münasibətlərində sülh prosesində əldə edilən irəliləyişlər Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışını sürətləndirir və bu prosesdə yeni imkanlar açır. Bu siyasi-diplomatik proses göstərir ki, Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı yaxın tarixi perspektivdə reallaşa bilər. Bütün bu proses elmi-tarixi mənbələr, tarixi hüquq və Azərbaycanın apardığı diplomatik-siyasi xətt əsasında həyata keçirilir".
Ayhan
18:00 08.12.2025
Oxunuş sayı: 3004