Polşa Rusiya-Ukrayna ilə bağlı müzakirələrdən kənarlaşdırılıb
Polşa Rusiya-Ukrayna müharibəsinin gələcək gedişatı ilə bağlı keçiriləcək yüksək səviyyəli London görüşündən kənarda qalıb.
Crossmedia.az "Polsat"-a istinadən xəbər verir ki, bu barədə "Prezidentlər və Baş nazirlər" proqramında danışılıb.
Dekabrın 8-nə planlaşdırılan sammitdə Fransa, Böyük Britaniya, Almaniya və Ukrayna liderlərinin iştirakı gözlənilir. Lakin Polşa tərəfinin siyahıda olmaması ölkə daxilində böyük müzakirələrə səbəb olub.
Keçmiş dövlət rəhbərləri yaranmış vəziyyəti Varşavanın beynəlxalq nüfuzunun zəifləməsi və Avropanın kritik qərarlarının qəbulunda payının azalması kimi şərh edirlər. Onların fikrincə, bu durum hökumət daxilində uyğunsuzluqlar və xarici siyasətdə aktivliyin zəifləməsi ilə bağlıdır.
Keçmiş baş nazir Leşek Miller hesab edir ki, Polşa artıq uzun müddətdir Ukrayna ilə bağlı strateji proseslərdən kənarda saxlanılır. O, ölkənin öz mövqeyini itirməməsi üçün bu vəziyyətin səbəblərinin açıq şəkildə araşdırılmasının vacib olduğunu bildirib.
Eks-prezident Bronislav Komorovski isə vurğulayıb ki, Avropa liderləri Polşanı reallıqda sahib olduğu təsir gücünə uyğun qiymətləndirir və daxildəki siyasi qarışıqlıq Varşavanın rolunu zəiflədir.
Keçmiş baş nazir Yan Kşiştof Beleçki əlavə edib ki, hakimiyyətin Ukraynaya münasibətdə sərgilədiyi sərt və bəzən uyğunsuz mövqe ölkəni mühüm masalardan kənarlaşdırır.
Digər keçmiş baş nazir Valdemar Pavlyak isə qeyd edib ki, Polşadakı siyasi qarşıdurma və diplomatik durğunluq ölkənin Avropanın strateji dialoqunda – o cümlədən Rusiya ilə bağlı müzakirələrdə – iştirak imkanlarını məhdudlaşdırır.
11:31 07.12.2025
Oxunuş sayı: 1414