“Milli Rəqəmsal Kardioloji Mərkəzi” qurmaq, evdə monitorinq üzərində çalışan “virtual klinikalar” açmaq vacibdir – HƏKİMDƏN MƏSLƏHƏT
Süni intellektdən tutmuş robotik cərrahiyəyə, genetik analizlərdən real vaxt monitorinqinə qədər tibbin bütün sahələrində sürətli inkişaf gedir və bu təkamülün ən kritik istiqamətlərindən biri də kardiologiyadır. Müasir dünyada ürək-damar xəstəlikləri hələ də ölüm səbəblərinin ilk sırasındadır, xüsusən Azərbaycanda. Və bu statistikanı dəyişmək üçün böyük dövlətlər, aparıcı elmi mərkəzlər və qabaqcıl klinikalar yeni texnologiyalara milyardlarla investisiya yönəldir. Artıq həkimlər ürək ritmlərini nəzəri şəkildə deyil, süni intellekt dəstəyi ilə saniyələr içində təhlil edir, xəstəliyi başlamadan əvvəl proqnozlaşdıran alqoritmlər tətbiq olunur, stent və bypass əməliyyatları minimal invaziv üsullarla yerinə yetirilir, telekardiologiya isə diaqnostikanı sərhədsiz hala gətirir. Bu sürətli dəyişiklik fonunda sual ortaya çıxır: ürək-damar xəstəlikləri ilə bağlı mübarizədə müasir texnologiyalar hansı real yenilikləri təklif edir və bu yeniliklərin Azərbaycanda tətbiqi hansı imkanları aça bilər? Ölkəmizin səhiyyə sektorunda son illər aparılan islahatlar, yeni xəstəxanaların qurulması və rəqəmsallaşma cəhdləri nəzərə alınarsa, dünyada formalaşan kardioloji trendlər bizim üçün həm tibbi səmərəliliyin, həm də insanların həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm perspektivlər yaradır.

Mövzu ilə bağlı İş Adamları Cəmiyyətinin Milli Assosasiyasının üzvü, kordioloq Ülvi Mirzoyev Crossmedia.az-a açıqlama verib: “Bir vaxtlar ürək xəstəliklərinin müalicəsi çox sadə görünürdü: damar tutulubsa — stent qoyulurdu, ağır hallarda — AKŞ (açıq əməliyyat) edilirdi, təzyiq yüksəlibsə — dərman yazılırdı. Həkim xəstə ilə yalnız xəstəxanada qarşılaşırdı, insan isə həkimə yalnız xəstələnəndə gedirdi. Amma indi tibbin tarixi başqa istiqamətə dönür. Artıq müasir kardiologiya xəstəliklə mübarizəni, xəstəxananın qapısından yox, daha o xəstəlik ürəkdə yaranmazdan illər əvvəl başlayır. Həkimlər indi təkcə müalicə etmir, gələcəyi görür, riskləri proqnozlaşdırır, xəstəni evindən belə izləyə bilir. Bu yeni dövr üç böyük yeniliyin üzərində qurulur: rəqəmsal səhiyyə, şəxsləşdirilmiş müalicə və minimal invaziv texnologiyalar. Məsələn təsəvvür edin, evinizdə oturursunuz, amma sizin ürəyinizin ritmini, damarlarınızın gələcək riskini, hətta yaxınlaşan təhlükəni sizdən əvvəl süni intellekt hiss edir. Telefonunuzdakı tətbiq, saatınızdakı sensor və ya evdəki sadə cihazlar həkimə xəbər göndərir, həkim isə “Gecikmə! Risk var!” deyərək həyatınızı xilas edir. Artıq süni intellekt (Sİ), kompüter tomoqrafiyası görüntülərindən damar riskini avtomatik oxuyur, kardioqrammada gizli ritm pozuntularını xəstədən əvvəl aşkar edir, ürək çatışmazlığı xəstələrini evdən monitorinq edir. Bəs Azərbaycan üçün potensial müsbət addımlar hansılar ola bilər? Əlbəttə ki, milli “Rəqəmsal Kardioloji Mərkəzi” qurmaq, evdə monitorinq üzərində çalışan “virtual klinikalar” açmaq və əhali arasında Sİ ilə risk skrininqi aparmaq”.
Kordioloq qeyd edib ki, gələcəyin həkimləri xəstəni yalnız analiz kağızına görə tanımayacaq: “Hər ürək öz genləri, lipid profili, iltihabi reaksiyası və həyat tərzi ilə unikal bir tarix daşıyır. Bəzən infarktın səbəbi xolesterin deyil, Lp(a) adlı genetik faktordur. Bəzən damarları tıxayan, illərlə gizli qalan iltihabi patologiyalardır. Azərbaycan üçün lazım olan addımlar, genetik risk bazası və erkən skrininq proqramları qurmaq və ailəvi risklər üçün Lp(a) səviyyəsinin ölçülməsini icbari qaydada etməkdir. Bir vaxtlar qapaq dəyişmək üçün döş qəfəsi açılırdı, indi isə bir qapalı yolla, kateterlə qapaq ürəyin içində dəyişdirilir. Bir vaxtlar bənzər xəstələrdə ağır şuntlama əməliyyatı edildiyi halda, indi damar fiziologiyası ölçülür və xəstəlik tamamilə fərqli, ağıllı üsulla müalicə olunur. Yeni dövrün qəhrəman texnologiyaları bunlardır: TAVI — əməliyyatsız aorta qapağı dəyişimi, MitraClip/TricValve — mitral və trikuspid qapaq təmiri, FFR/iFR — damar fiziologiyasına əsaslanan “zəka yönümlü müdaxilə” və Renal denervasiya — hipertoniya üçün dərmansız müalicə metodu. Bu gün kardiologiya xəstəlik başlayandan sonra yox, hələ başlamamışdan əvvəl müalicə etməyə qərarlıdır. Bu texnologiyaların Azərbaycanda tətbiqi ölkəni yalnız tibbi baxımdan gücləndirmir — regionun kardioloji mərkəzinə çevirə bilər”.
Ü.Mirzoyev əlavə edib ki, bir çox insan infarktı elə yalnız xəstəxanada müalicə olunan bir hadisə kimi təsəvvür edir: “Amma kardiologiyanın yeni dövrü bunu dəyişir: infarkt xəstəxanada yox, məktəbdə, iş yerində, evdə, hətta marketdə qarşısı alınan bir xəstəlik olmalıdır. Bu, xəstənin həkimə gecikmiş müraciəti ilə başlayan müalicə deyil; infarkt heç başlamadan, illər əvvəl yox edilən profilaktikadır. Bu gün Azərbaycanda hər ailədə, hər iş yerində, hər məclisdə “təzyiq problemim var” cümləsini eşidirik. Amma təzyiq yalnız bir simptom deyil; infarktın, insultun, böyrək xəstəliyinin səssiz xəbərçisidir. Azərbaycan kardiologiya cəmiyyətinin “Hədəf 130/80” ictimai səhiyyə səviyyəsində yalnız təzyiq ölçmə kampaniyası deyil, düşüncə tərzi dəyişikliyidir. Bu proqramda nələr olmalıdır? Marketlərdə, metro çıxışlarında, AVM-lərdə pulsuz təzyiq ölçmə stansiyaları, iş yerlərində “Təzyiq Günü” — aylıq check-up, məktəblərdə müəllimlər üçün təzyiq məsləhət proqramı, dövlət TV-lərində qısa maarifləndirici sosial çarxlar və sığorta ilə daha ucuz antihipertenziv dərman proqramlarıdır”.
Həkim son olaraq qeyd edib ki, hər infarkt zamanı dəqiqə belə qızıldır: “Bəzən insanlar bu qızılı yolda itirirlər: ambulans gecikir, xəstəxana seçimi səhv olur, xəstə bacarıqlı mərkəzə çatdırılmır. “STEMI Azerbaijan” sadəcə tibbi layihə deyil; ölkə üzrə həyat qurtarma şəbəkəsidir. Bu şəbəkə nə etməlidir? 113 çağırışlarında avtomatik “infarkt kodu”nun tətbiq edilməsi, hər bölgədə damarı dərhal aça bilən mərkəzlərə birbaşa yönləndirmə, ambulanslarda tele-EKQ sistemi, qapı-balloon vaxtı ≤ 90 dəqiqə- (infarkt keçirən pasientin xəstəxanaya daxil olandan infarktdan cavabdeh damarın aşılmasına qədər keçən zaman), reanimasiya və təcili yardım üçün birləşdirilmiş protokollar. İnfarkt müalicəsi xəstənin seçimi deyil; sistemin öhdəliyidir. Ümumi Cəmiyyət Strategiyası – Ürək Klinikanın Xaricindədir İctimai səhiyyə yalnız xəstəxana demək deyil. Bizim mübarizəmiz supermarketdə, məktəbdə, restoranda, sosial şəbəkədə baş verir. Qida proqramlarına daxil olanlar isə restoranlarda duz azaldılmış menyu işarələri, məktəb bufetlərində trans yağsız proqram, “Xolesterinsiz səhər yeməyi” təşviqi, yüksək duzlu məhsulların etiketlənməsi (pendir, lavaş, çörək və s.). Hərəkət təşviqində isə parklarda “10 min addım xəritəsi”, iş yerlərində 15 dəqiqəlik ofis yürüşləri, yaşlılar üçün “Məhləllı Səhiyyəsi” yürüş klublarıdır. Stresslə mübarizə və psixoloji sağlamlığı da xüsusi qeyd etmək lazımdır. Bunun üçün iş yerlərində psixoloji dəstək mərkəzləri, Universitetlərdə anti-stress dərsləri, TV-lərdə “Həyat Ritmi” maarif bülletenləri yaradılmalı, hazırlanmalıdır. Bu modeldə kardiologiya klinikadan çıxır, xalqın arasına qayıdır. Təzyiq AVM-də ölçülür, aritmiya evdə telefonla aşkarlanır, infarkt xəstəxanaya çatmadan proqnozlaşdırılır. İnfarktın müalicəsi xəstəxanada başlayırsa, artıq gecdir. Biz onu küçədə, evdə, məktəbdə, həyatımızın içində durdurmalıyıq. Ürək yalnız orqan deyil, həyat tarixidir. Müasir kardiologiya isə o tarixin ən önəmli səhifəsini — profilaktikanı — yazmağa başlayıb”.
Ayhan
11:40 22.11.2025
Oxunuş sayı: 9880