Adıgözəl Məmmədov: "Mental mühəndislik baxımından Azərbaycan 100 il geridə qalıb!"
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin davranışlarını təkcə geosiyasi və iqtisadi faktorlarla izah etmək kifayət etmir. Qlobal prosesləri anlamaq üçün cəmiyyətlərin psixoloji arxitekturasını, liderlərin fərdi xüsusiyyətlərini və xalqların etnogenetik kodlarını oxuya bilən yeni elmi istiqamətə ehtiyac yaranıb. Məhz belə bir tarixi mərhələdə “psixoanaliz” kimi klassik yanaşmalar öz aktuallığını itirir, onların yerini isə daha kompleks, disiplinlərarası bir sahə — mental mühəndislik tutur. Bu, təkcə insan psixikasını deyil, bütöv xalqların xarakterini, stereotiplərini, davranış mexanizmlərini, tarixdən gələn şərti-reflektiv kodlarını araşdıran və onları yenidən qurma imkanı verən bir elmdir.
Azərbaycan cəmiyyəti də bu elmi dönüşün təsiri altındadır. Lakin müxtəlif səbəblərdən, xüsusilə elmi ənənələrin gec formalaşması və sovet sonrası keçid dövrünün çətinlikləri üzündən, bu istiqamətdə xeyli gerilik mövcuddur. Qərbdə — Stanford, Berkeley, Columbia kimi universitetlərdə — artıq uzun illərdir öyrənilən mental portretologiya, milli xarakter və siyasi psixologiya sahələri Azərbaycanda yeni-yeni inkişaf etməyə başlayır. Bu isə həm akademik mühit, həm də dövlətçilik baxımından strateji əhəmiyyət daşıyır. Çünki müasir dünyada proksi müharibələr, informasiya manipulyasiyası, ictimai rəyin yönləndirilməsi və kütlə psixikasının idarə olunması artıq sırf təhlükəsizlik məsələsinə çevrilib.
Tanınmış ictimai-siyasi xadim, Qərbi Kaspi Universitetinin müəllimi, Mental Mühəndislik Mərkəzinin sədri Adıgözəl Məmmədov mental mühəndisliklə bağlı Crossmedia.az-a müsahibə verib:
-Sizin tədqiqat obyektiniz psixoanalizdir? Psixoanaliz haqqında nə deyə bilərsiniz?
— Mənim əsas tədqiqat istiqamətim psixoanaliz deyil. Psixoanaliz 1930-cu illərdə qalmış bir terminologiyadır və faktiki olaraq artıq öz dövrünü başa vurmuş bir istiqamətdir. Mənim istiqamətim “mental mühəndislik”dir. Onun da öz inkişaf tarixi var. Psixoanalizin əsasını qoyanlar Ziqmund Freyd, Erikson, Kardiner, Fromm kimi alimlərdir. Bunların əksəriyyəti Avropa alimləridir, nəinki ABŞ. Və müəyyən dövrdən sonra məlum oldu ki, psixoanaliz ictimai-siyasi prosesləri təhlil etmək imkanına malik deyil. Bəzi fərdlərin psixosomatik problemlərini izah edərkən cavab tapılmayanda onu “qeyri-şüurilik sferasına” bağlayırdılar. Yəni “daha sonra dərk ediləcək” kimi izah edirdilər. Artıq 1940–50-ci illərdə psixoanalizdən uzaqlaşmağa başladılar və psixobioqrafiyaya keçildi. Bəzi hallarda buna “psixoloji portretologiya” da deyilir — yəni fərdlərin psixoloji xüsusiyyətlərinə uyğun analiz.
-Buna tələbat nədən yaranmışdı?
Çünki həmin dövrdə aparıcı dövlətlərdə liderlərin fərdi xüsusiyyətləri ictimai-siyasi davranışların formalaşmasında müəyyənedici rol oynayırdı. Hitlerin nasist ideologiyası, Göbbelsin təbliğat sistemi, Mussolininin və Frankonun davranış modeli buna nümunə idi. 1940-cı illərdə psixobiografiyaya maraq məhz buna görə artdı. Bu sahə ilə məşğul olanlar liderlərin xarakterini öyrənərək, təmsil etdiyi cəmiyyətdə hansı proseslərin baş verəcəyini proqnozlaşdırmağa çalışırdılar. Bu gün də bir çox ölkələrdə — xüsusən avtoritar dövlətlərdə — liderlərin fərdi xüsusiyyətlərindən irəli gələn davranış modeli dəyərlər sisteminə, stereotiplərə və ictimai-siyasi mühitə təsir edir. Sonrakı mərhələdə isə 1960–70-ci illərdən etibarən artıq cəmiyyətlərin, xalqların xarakteri öyrənilməyə başlandı. Buna “mental portraitology”, “national character”, yaxud “çarlz national character” kimi adlar verildi. Bu istiqamət əsasən ABŞ-da inkişaf etdi. Çünki artıq dövr dəyişmişdi və ABŞ-ın xarici siyasətində yeni yanaşmaya ehtiyac yaranmışdı. Fransızların vaxtilə tətbiq etdiyi “faizlə borc verib asılılıq yaratmaq” siyasəti işləmir, hərbi ekspansiyalar isə nüvə silahlarının mövcudluğu şəraitində artıq mümkün olmurdu. Buna görə də belə qərara gəldilər ki, iqtisadi və siyasi ekspansiyanı xalqların mental xarakterinə uyğun şəkildə həyata keçirmək daha effektlidir. Bu mərhələdən sonra müasir dövrün əsas trendi — mental mühəndislik formalaşdı. Yəni sən bir cəmiyyətin mental dəyərlər sistemini, vərdişlərini, stereotiplərini öyrənirsən və sonradan həmin stereotipləri dağıdaraq yeni vərdiş və davranış modelləri formalaşdırırsan. Başqa sözlə, cəmiyyəti öz maraqlarına uyğun istiqamətdə “yenidən qurursan”.

-Ortaya qoyduğumuz yanaşma mental mühəndislikdir. Sizcə, bu Azərbaycan cəmiyyətindən nə dərəcədə qəbul olunur və nə dərəcədə istifadə edilir?
Azərbaycanda hələ 30-cu illərdə Avropaya ayaq açmış psixonaliz indi-ində gəlməyə başlayır. Azərbaycan bu proseslərdən də 100 il geri qalır. Ona görə ki, ümumiyyətlə, Avropada psixonalizlə məşğul olan yoxdur. Burada isə biz nədən danışırıq? Ciddi dövlətlərin dövlət tərəfindən maliyyələşən layihələrindən. Çünki artıq dünya elə bir dövrə çatıb ki, məsələn, proksi müharibələr, ictimai-siyasi fikrin manipulyasiya olunması və eyni zamanda baş verən proseslərin proqnozlaşdırılması və ya baş verəcək prosesləri tətikləmək mövcuddur. Bunlar hamısı formalaşmış stereotiplərlə oynayan zaman baş verir. Stereotiplər nədir? Çox maraqlı bir şeydir. Azərbaycanda bu məsələlər çox bilinmir. Düzdür, mən dərs deyirəm Qərbi Kaspi Universitetində. Orada ingilis dilində mühazirələr oxuyuram. Orada kreativ düşünən rəhbərlər olduğuna görə məni dəvət edirlər. Universitetlə birgə, universitetə nazirlik tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində çox maraqlı kitabımız çıxdı. Kitabın adı: "Beynəlxalq münasibətlərdə mental portretlər"dir. Mental, yəni xalqların xarakterləri. Yaxud da ki, təmsil edilən haqların ictimai-siyasi elitəsində misoloji dəyərlər sistemi, yaxud siyasi liderlərin psixi ruh vəziyyətindən irəli gələn komponentlər. Bunlar ağır mövzulardır. Mental mühəndisliyə baş vurmaq üçün ən azı ilkin tibbi təhsilə malik olmaq lazımdır. Eyni zamanda tarixi bilgilər dərin olmalıdır. Xüsusilə kliniki psixologiyanı dərin bilmək lazımdır. Bu elm disiplinləri birləşdirən, disiplinlərarası bir elmdir. Hər elmin öz nüvəsini götürüb birləşdirən bir istiqamətdir. Mütəxəssisin yetişdirilməsi üçün 30 il vaxt lazımdır və belə bir mütəxəssis hələki yetişmir. Çünki çox dərin bilgilərə malik olmaq lazımdır. Hesab edin ki, bir cəmiyyəti xəmir kimi yoğurursan, sonra bunu bir fətir kimi açıb istənilən formaya sala bilirsən. Buna mental mühəndislik deyilir. Sən yetərincə informasiyaya və bilgəyə malik olmalısan. Biz beynəlxalq münasibətlərdə oxuyan tələbələrimizə mental mühəndisliyin bir hissəsi olan, “beynəlxalq münasibətlərdə mental portretlər” mövzusunda mühazirə deyirik. Stainford, Berkeley, Brown və digər universitetlərdə proqramlar tamamilə fərqlidir. Mən həm Stainford, həm Columbia, həm də Berkeley universitetlərinin silabusları əsasında siyasi psixologiyanın yeni proqramını hazırladım. Proqram çox müasirdir. Nəticədə yeni nəsli dünyada baş verən proseslərdən məlumatlandırmaq istəyirik. Azərbaycan yeni nəsli çox istedadlı uşaqlardır. Sadəcə o boş tənəkələrə lazım olan məlumatları doldurmaq lazımdır ki, lazım olan məlumatlarla istedadlı fərqlənmə və qeyri-standart təhlil ortaya çıxsın. Azərbaycan etno-genetik inkişaf baxımından digər xalqlardan fərqlidir. Bizim dilimiz türk dili olsa da antropoloji tipimiz Qafqaz-Balkan tipidir. Və biz bura çox qədimlərdən gəlmişik. Burada bir çox xalqların miqrasiyası olduğuba görə qarışıq bir cəmiyyət yaranıb. Məsələn, Fars dilli xalqlar, Qafqaz xalqları, ərəb dilli xalqlar, Banu- Xalid, Mutayr, Unaza, Sübayr və digər tayfalar burasa xilafət dönəmində yerləşiblər. Bütün bu tayfaların qarışımı nəticəsində, və sonradan Səlcuq türklərinin gəlişi ilə bizim xalq formalaşıb. Sovet dövründə antropoloji elmi çox güclü inkişaf etmişdi. O zaman Göycəgöl ətrafında 2000 tarixli artefaktlar aşkar edilmişdi. Artefaktların içərisində kəllə və digər antropometrik materiallar tapıldı,bu kəllənin infroorbital və digər antrometrik ölçüləri müasir Ermənistanda yaşayan xalqdan təmamilə fərqlidir. Amma oradakı cizgilər müasir Azərbaycan xalqı ilə daha yaxındır. Azərbaycan xalqının islama qədər xristian tarixi olub, totemizm tarixi olub. Mental mühəndisliklə məşğul olmaq üçün həm də antropoloji biliklərə yiyələnmək lazımdır. Biz bu istiqamətdə işlər aparmağa başlamışıq və ümid edirik ki, yaxşı nəticələr olacaq. Hər xalqın özünə məxsus xarakteri var. İlk öncə milli xarakterlə bağlı məsələlərə ziddiyətli yanaşmalar var idi. Bəzi alimlər, xüsusən sosial psixoloqlar xalqların xarakterlərinin olmasını bir rasizm ideyası ilə bağlayırdılar. Amma sonrakı mərhələlərdə aydın oldu ki, bu həm də akademik bir sahədir. Xarakterin formalaşması bir neçə faktordan asılıdır. Hər xalqın keçdiyi yol önəmlidir. Məsələn, Azərbaycan xalqında digər komponentləriə yanaşı İslamın təsiri ilə bəzi davranış və dəyərlər sistemini formalaşıb. Məsələn, ailədə uşaqların öhdəlikləri, ictimai davranışları, qız və oğlan uşaqlarına olan tələblər fərqlidir. Bu, digər xalqların dəyərlər sistemi ilə müqayisədə tam fərqlidir. Bəzi davranışlar nəsildən-nəsilə ötürülən etnogenetik informasiya ilə müəyyənləşir. Milli xarakterlər dəyişkəndi, sabit qalmır.Məsələn dünənə qədər nə qədər yolverilməz məsələlər bu gün adidir.
-Bu qeyd etdiyiniz yeni nəsil bu məlumatları sorğulaması ilə bağlı ola bilər? Gənclər onlara ötürülən etnogenetik informasiyaları dəyişdirə bilərmi?
Təbabətdə şərti və şərtsiz reflekslər mövcuddur. Şərti reflekslər, doğuşdan bu günə qədər düşüncə arxitekturasında formalaşır. Şərtsiz reflekslər isə nəsildən-nəsilə genetik olaraq keçir. Milli xarakterlər sabit deyil, zaman-zaman dəyişir. Azərbaycanda dəyərlər sistemi, qonaqpərvərlik, ailəcanlıq, övlad üçün hər şeyini qurban verməyə hazır olmaq kimi xüsusiyyətlər mövcuddur. Motivasiya həm müsbət, həm də qısqanclıq kimi mənfi tərəflərlə təzahür edir.Milli xarakterimiz etnogenetik formalaşarkən Ərəb ənəlləri, İslam fikri, Səlcuq-Türk sistemi və digər tarixi faktorlar təsir edir. Səlcuqlarda xan ali rəhbər olur, amma xan ətrafında məclis-i şüəra fəaliyyət göstərirdi. Məclis-i şüara vasitəsilə xalqın razılığı alınırdı. Bu, demokratik təsisatlar baxımından tariximizin Avropadan da qədim olduğunu göstərir. Etnogenetik qarşılıqlar nəticəsində Türk ənənələrimizlə yanaşı Ərəb kültürü və digər yerli Qafqaz kültürləri milli xarakterimizdə özünü göstərir. Xalqların xarakterini araşdırarkən nəsildən-nəsilə ötürülən etnogenetik faktorlar, tarixi köç, coğrafiya, din və antropoloji xüsusiyyətlər nəzərə alınır. Məsələn, Polyaklar qərb və şərqi Polşada fərqlidirlər, şərqdəkilər antropoloji quruluşları avropoid materik tipinə uyğun deyil, daha çox Ural-Tunquz tipinə yaxındır.Çünki onlar kökən etibarı ilə tatardırlar. Bu fərqdə onların tarixi və genetik keçmişindən irəli gəlir. Azərbaycan xalqının milli kimliyini qoruyub saxlaya bilməsi, müxtəlif imperiyalar və hakimiyyətlər altında yaşamasına baxmayaraq mümkün olub. Hər dövrdən müəyyən nəslinlər və xarakter xüsusiyyətləri götürülüb. Coğrafiyada və tarixdə müxtəlif xalqların hakimiyyəti və təsiri milli xarakterimizin formalaşmasına təsir edib. Məsələn ərəblər bu coğrafiyaya ilk gələndə iqlim şəraiti onların yaşamağı üçün uyğun deyildi. Və onlar burada isti bir yaylağı özlərinə mərkəz seçmək qerari aldılar. O yer də müasir Sabirabad rayonunun Cavad kəndində məskunlaşdılar. İslamı Qafqaza yayan ərəb xəlifəsinin də adı Xəyyam əl Cavad olub. Hətta Şirvanşahlar dövründə Cavad Qafqazda islamın mərkəzi olub. İndi həmin əraziyə gedəndə və antropoloji quruluşlarına baxanda görürük ki, bir az ərəb cizgiləri özünü büruzə verir.. Ona görə də Azərbaycanda ən çox seyid olan rayonda məhz oradır. Mental mühəndislik çox ağır sahədir. Məlumat, bilik, antropologiya, ideoqrafiya, psixologiya, etnogenetika və tibbi biliklərin birləşməsini tələb edir. Patologiya ilə fiziologiyanın normalarını ayırmaq lazımdır. Bu sahənin mütəxəssisləri çox azdır. Azərbaycanda bu sahənin mütəxəssislərinin sayını artırmaq vacibdir.
- Bu sahənin mütəxəssislərinin ölkəmizdə sayını artırmaq üçün hansı addımlar atılmalıdır?
Hazırda biz siyasi psixologiyanı yeniləşdirdik və beynəlxalq münasibətlərdə mental portretologiyanı bakalavrlara keçirdik. Gələcəkdə bu sahədə magistr proqramı da hazırlaya bilərik. Mental mühəndislik təhsilini magistr səviyyəsində təmin etmək fikrimiz var. Mental mühəndislik, cəmiyyəti yenidən qurmağın metodlarını öyrədir. Sən artıq formalaşmış ənənələr və stereotiplərin əsasını bildikdən sonra onların dəyişdirilməsi istiqamətində metodologiyalar işləyə bilirsən. Məsələn, biz indi TURAN-dan danışırıq. Siyasi liderlərin iqtisadi maraqları dəyişkəndir və geopolitik təzyiqlər onların qərarlarına təsir edir. Çin, Rusiya və digər regional oyunçuların mövqeləri, eləcə də onların orta asiya layihələri, geopolitik vəziyyəti çətinləşdirir. Çin və Rusiyanın birgə layihəsi nəticəsində Orta Asiya susuzluqdan bata bilər. Bu səbəbdən siyasi liderlərin Turan ideyaları və milli dəyərləri arasında tarazlıq tapmaq çox çətindir. Rusiya da bundan təzyiq vasitəsi kimi istifadə edir ki, Orta Asiyanı xilas etməyin yolu Sibir çaylarıdır. Ortasiya regionunda milli dəyərlər, ənənələr və tarixdən gələn kognitiv faktorlar inteqrativ ideyalarının tətbiqinə mane olur. Bu, yalnız liderlərin iradəsi ilə həll edilə biləcək məsələ deyil, həm də coğrafiya və tarixlə bağlıdır. Buna mane olan amil Özbəkistanda, Qazaxıstanda və Qırğızıstanda formalaşmış kognitiv dəyərlər sistemidir. Bu, onların milli dəyərlərindən, ənənələrindən və tarixi təcrübəsindən irəli gələn bir sistemdir. Bu coğrafiya Turanizm ideyaları ilə tanış deyil. Ona görə də belə inteqrasiya təşəbbüslərinin qarşısında böyük maneələr dayanır. Kognitiv dəyərlər dedikdə, hər bir xalqın keçdiyi həyat yolu, tarixi və milli təcrübəsi nəzərdə tutulur. Bu dəyərlərdən uzaqlaşmaq mümkün deyil; bu, sanki bir “tormuzlayıcı amil” kimidir. İdeoloqlar, məsələn İsmayıl Qaspuralı, Əlibəy Hüseynzadə bu məsələləri sözlə ifadə edə bilərlər, amma metodologiya olmadan bu kognitiv “streotipləri” dəyişdirmək mümkün deyil. Azərbaycan üçün bir üstünlük ondadır ki, bəxtimiz gətirib ki, bəzi insanlar bu məsələlərə diqqət yetirir və danışır. Lakin bu, qlobal dövlətlərin layihələrinin – mental mühəndisliyin bir hissəsidir. Biz gənclərimizə bildiririk ki, bu məsələlərə ayıq olmaq lazımdır.
-Dediniz mental mühəndislik proqnoz verməyə əsas verir. Hazırda Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında sülh tam imzalanmayıb. Əgər proqnoz versəniz bu coğrafiyanın 50 il sonrasını necə proqnozlaşdırarsınız?
Mental elmlər həm proqnoz verməyə, həm də cəmiyyəti yenidən rekonstruksiya etməyə imkan verir. Məsələn, Qafqazda sülhün bərqərar olmasını təmin etmək və Azərbaycanın bu proseslərdə iştirakını qiymətləndirmək üçün, hər şeyi bitmiş saymaq olmaz; hələ son addımlar atılmayıb. Əgər 50 il sonrasını proqnozlaşdırsaq, faciənin səbəbi odur ki, tarixən xalqların taleyi coğrafiya ilə bağlıdır. Bu fikir Harun Ər Rəşid tərəfindən ifadə olunub, amma sonradan Napolyonun adına yazılıb – yəni burada hətta tarixdə plagiat mövcuddur.Əgər biz Azərbaycana böyüklük qazandırmasaq, coğrafiyamızı genişləndirməsək, yalnız böyük qlobal dövlətlərin peyki olacağıq. Buna görə mənim şüarım Böyük Azərbaycandır. Strateji məqsədimiz Azərbaycanın gücünü artırmaqdır. Kiçik dövlətlər, məsələn Ermənistan, öz xarici və daxili siyasətlərini böyük dövlətlərin maraqlarına uyğun tənzimləyirlər; bu, kiçik dövlətlərin hamısına xasdır. Biz isə gələcəkdə Böyük Azərbaycan naminə düşünməliyik. Böyük Azərbaycan üçün ilkin olaraq fikirlərimiz dolu, baxışlarımız aydın olmalıdır. Azərbaycanın meqa layihələrdə iştirakı böyük əhəmiyyət daşıyır, lakin təəssüf ki, açıq dənizlərə çıxışımız yoxdur. Açıq dənizlər böyük dövlətlərin atributlarından biridir; ərazi kiçik ola bilər, amma açıqlıq və hərəkət imkanları böyük güc deməkdir. Bu istiqamətdə düşünmək vacibdir. Tarix göstərir ki, Azərbaycanın keçmiş hərbi rəhbərləri və komandası bu sahədə müəyyən planlar qurublar, amma tarixi şansımızdan bizdən asılı olmayan imkanları bir çox hallarda əldən vermişik. Mən düşünürəm ki, böyük Azərbaycana köklənməliyik, coğrafiyamız genişlənməlidir. Bu dar dalandan çıxmalıyıq. Çox cahanşümul iş idi ki, bu dar dalanda qlobal dövlətlərin edə bilmədiyini həyata keçirə bilək. Bunu rəhmətlik Heydər Əliyev etdi. Davamını da prezident İlham Əliyev gətirir. Azərbaycan tarixində Azərbaycan torpağı heç zaman bu qədər Azərbaycanın olmayıb. Ona görə də bu əldə etdiyimiz nailiyyətləri qorumalıyıq. Bu nailiyyətlərlə kifayətlənməli deyilik.
- Son olaraq sizin Mircəfər Bağırovla bağlı tədqiqatınızdan sual vermək istəyirəm. Mircəfər Bağırov Azərbaycan cəmiyyətdə birmənalı qarşılanmır. Çətin deyilmi o şəxsi tədqiqat obyekti seçmək?
İstər yazıçı ol, istər alim, sən axına qoşulub yazmamalısan. Siyasi psixologiyada da var bu. Düşün ki, hər hansı ideoloji bir ölkədəsən, məsələn Çində. Orada sənin fərqli düşünmək imkanın yoxdur. Buna baxmayaraq siyasətci hesab olunursan. Əslində sən necə siyasətçi deyil sən ideologiya təbliğatçısısan. Bu siyasət deyil. Yaxud da hansısa ideologiya olmayan bir dövlətə baxaq. Məsələn İordaniya. Orada hansı fərqli fikirli siyasətçi var? Bu siyasət deyil mövcud tribe-ın təbliğatıdır. Biri də var Avropada xristian demokratlar partiyası, yaxud yaşıllar partiyası. Burada o partiyaların siyasətçiləri, partiyanın ideoloji məqsədlərini təbliğ edir. Burada da siyasət yoxdur, təbliğat var. Siyasətçi odur ki, arenaya yeni siyasi fikir gətirsin. Məsələn Karl Marks, Lenin, Adam Smith, Corc Vaşinqton, Yakobinçilər. Bu siyasi fikirə yeni yanaşmadır. Məni də bu siyasi şəxsiyyətə yaxınlaşdıran, axına qoşulmadan ortaya qoyulan yeni yanaşmadır. Mircəfər Bağırovun Cənubi Azərbaycanla bağlı böyük fəaliyyəti var ki, məndə onu kitabımda qeyd etmişəm.
Ayhan
19:23 17.11.2025
Oxunuş sayı: 4738