Elektrik enerjisi can alır!- Uşaqlar üçün təhlükə, valideynlərə xəbərdarlıq
Cəlilabadda bir yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb. Oktyabrın 26-sı saat 10 radələrində 2024-cü il təvəllüdlü Miran Ramid oğlu Rəhimli yaşadığı Xəlilabad kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırma öz yerində, bəs açıq qalan suallar? Məsələn, bir yaşlı uşağın elektrik cərəyanı olan yerdə nə işi var? İkinci bir tərəfdən məsələnin həm də valideyn nəzarətsizliyi tərəfi var. Aydındır ki, kiçikyaşlılar nəinki elektrik cərəyanının, heç elektrikin də nə olduğunu bilmirlər. Bəs ana- atalar?
Baş vermiş bədbəxt hadisə barədə təhlükəsizlik eksperti Rəşad Rza bildirib ki, hadisə zamanı ilk növbədə elektrik cərəyanı dərhal kəsilməli, xəsarət alan şəxsə toxunmadan təcili tibbi yardıma xəbər verilməlidir: “Eyni zamanda, elektriklə bağlı müvafiq qurumlara məlumat verilməsi də vacibdir. Belə hallarda elektrik xətləri və ya cihazlarla bağlı peşəkar mütəxəssislər tərəfindən yoxlama aparılması, gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün tədbirlər görülməsi təmin edilir. Həmçinin, ailələrə tövsiyə olunur ki, evdəki bütün elektrik cihazları və prizlər uşaqlar üçün əlçatan olmamalı, təhlükəsizlik tədbirləri, qapalı priz örtükləri və digər qoruyucu vasitələr müntəzəm olaraq yoxlanmalıdır”.
Ekspert qeyd edib ki, mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir, lakin onların miqyası artırılmalıdır:“Bu cür hadisələr baş verirsə, deməli, mövcud maarifləndirmə işləri hələ də kifayət qədər deyil. Buna görə də bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi vacibdir. Burada məsuliyyət yalnız Fövqəladə Hallar Nazirliyinin üzərinə düşmür — media qurumlarının da rolu böyükdür. Televiziya, radio və mətbuatda bu mövzuda davamlı olaraq maarifləndirici materiallar yayımlanmalıdır”.
Türkanə Məşədiyeva
14:52 27.10.2025
Oxunuş sayı: 1315