Günay Ağamalı AVP-də baş verənlərə aydınlıq gətirdi: Dezinformasiya yayılır, bütün bunlar əsassızdır
Bu gün Ana Vətən Partiyasının növbədənkənar, IX qurultayı keçirilib. Qurultayda sədr Fəzail Ağamalı və sədrliyə namizəd, Milli Məclisin deputatı Günay Ağamalı ilə digər namizəd, F. Ağamalının oğlu Elçin Ağamalı arasında gərginlik yaşandığı iddia olunur. İddiaya görə, məhz bu mübahisə səbəbindən qurultay təxirə salınıb.
G. Ağamalı baş verənlər barədə Crossmedia.az-a danışıb: "Hər kəsdən "Ana Vətən" Partiyasının növbədənkənar IX qurultayı ilə bağlı mətbuatda gedən dezinformasiyalara inanmamağa və əhəmiyyət verməməyi rica edirəm. Partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri - etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə saldı. Qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Qeyd etmək istəyirəm ki, bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı".
O bildirib ki, qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır: "Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcəkdir".
Kənan Novruzov
18:27 25.10.2025
Oxunuş sayı: 1565