Azərbaycan auditorları sentyabrda 454 müqavilə bağlayıb
Bu ilin sentyabr ayında Azərbaycan auditorları (111 auditor təşkilatı) ümumilikdə 454 audit müqaviləsi bağlayıb.
Crossmedia.az Auditorlar Palatasına istinadən xəbər verir ki, bunun 10-u icra olunub, 260-ı üzrə rəy verilib, 183-ü isə icradadır, 1 müqavilə isə ləğv olunub.
Bildirilib ki, ümumi dəyəri 3,2 milyon manatdan çox olan müqavilələrin 371-i maliyyə-təsərrüfat əməliyyatlarının auditi (MHA) üzrə qeydə alınıb.
Təhlilə əsasən, bağlanılmış 371 müqavilədən 219-u məcburi, 152-si isə könüllü audit subyekti ilə bağlı olub. Bu da müvafiq olaraq 59 % və 41 % təşkil edir.
Palatanın araşdırması zamanı 8 auditor təşkilatı və 2 sərbəst auditorun bağladığı 10 müqavilənin məbləğinin "auditor xidmətlərinin minimum hədləri"ndən yüksək olduğu müəyyənləşdirilib.
Bu auditor təşkilatları sırasında "BDO Azərbaycan", "İnter Audit", "Private Audit" və digər şirkətlər yer alıb.
Eyni zamanda, 3 auditor təşkilatının – "AZ EKSPERT AUDIT", "Bizcon Audit" və "FİNANS AUDİT-M" MMC-lərin – müqavilə dəyərlərinin müəyyən hallarda minimum həddən aşağı olduğu aşkar edilib. Məsələn, müqavilələrin dəyəri minimum hədlərin yalnız 68–73 %-i qədər olub. Şirkətlərin rəhbərləri izahatlarında qiymətlərin növbəti illərdə artırılacağını və xidmətlərin həcminə uyğunlaşdırılacağını bildiriblər.
Auditorlar Palatası məsələ ilə bağlı adıçəkilən şirkətlərə şifahi xəbərdarlıq edib. Qeyd olunub ki, bu hal cari ildə ilk dəfə baş verdiyi üçün auditor təşkilatlarına anlayış göstərilib, lakin gələcəkdə belə hallara yol verilməməsinin zəruriliyi vurğulanıb.
17:35 25.10.2025
Oxunuş sayı: 985