“Həyat bilgisi” fənnində din haqqında ümumi məlumatların verilməsi kifayət qədər faydalıdır - Ekspert
Müasir dünyada dini dözümlülük və qarşılıqlı hörmət cəmiyyətlərin sabitliyi və mədəni müxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Gənc nəsildə bu dəyərlərin formalaşması isə əsasən onların düzgün, elmi əsaslara söykənən dini biliklərə yiyələnməsindən asılıdır. Dinlər haqqında məlumatlı olmaq təkcə mənəvi maariflənmə deyil, həm də fərqli inanclara anlayış və hörmətlə yanaşma mədəniyyətinin yaranmasına xidmət edir.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpoziumda çıxışı zamanı məhz bu məsələyə toxunaraq bildirib ki, gənclərin dinlər haqqında məlumatlı olması onların gələcəkdə dinlərə qarşı hörmət və dözümlülük münasibətinin formalaşmasında mühüm rol oynayır.
Nazir müavini həmçinin Azərbaycanın qədim dini irsinin qorunub saxlanıldığını vurğulayıb. O qeyd edib ki, Kiş kəndindəki Alban məbədi əsrlərdir mühafizə olunur, eləcə də Bakının mərkəzində yerləşən erməni kilsəsi bu gün də qorunur. Bunun fonunda Qərbi Azərbaycanda və uzun illər işğal altında qalmış ərazilərimizdə məscidlərin dağıdılması faktları Azərbaycan dövlətinin mədəni irsə və dini müxtəlifliyə hörmət prinsipinə sadiqliyini daha aydın göstərir.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ölkəmizin Konstitusiyasında dinin dövlətdən ayrı olduğu təsbit olunub. Əlbəttə, hər bir vətəndaşın dini etiqad azadlığı da Konstitusiya ilə təmin edilir. Ölkəmizdə yaşayan müxtəlif dinlərə mənsub, fərqli ibadət yerlərində ibadət edən bütün vətəndaşların etiqad azadlığı dövlət tərəfindən tanınır və qorunur. Bu, Azərbaycanın qədim dini-mədəni ənənələrindən qaynaqlanır. İstər paytaxtda fəaliyyət göstərən Alman kilsəsi, istərsə də bölgələrdə mövcud olan erməni kilsəsi və ya digər dini ibadət məbədləri bu multikultural mühitin təzahürüdür. Ölkəmizdə xristianlıq, islam, yəhudilik və digər dinlərin təmsilçiləri üçün ibadət və dini mərasimlərini sərbəst şəkildə yerinə yetirmələri üçün bütün lazımi şərait yaradılıb. Bilirsiniz ki, ölkəmizdə məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da fəaliyyət göstərir. Dini təhsil məsələsinə gəldikdə isə hesab edirəm ki, məktəb dərsliklərində, xüsusilə “Həyat bilgisi” fənnində və yuxarı təhsil pilləsində bəzi fənlərdə dinlər haqqında ümumi məlumatların verilməsi kifayət qədər faydalıdır. Bununla yanaşı, xüsusi dini təhsil almaq istəyən şəxslər üçün ixtisaslaşmış ali təhsil müəssisələri mövcuddur.
Məlumdur ki, ölkəmizdə İlahiyyat İnstitutu fəaliyyət göstərir. Burada həm İslamşünaslıq, həm də dinşünaslıq ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Həmçinin institutun nəzdində fəaliyyət göstərən kolleclər də mövcuddur. Yəni, kim din sahəsində elmi-tədqiqat işi aparmaq, daha dərindən biliklər qazanmaq istəyirsə, bu təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil ala bilər”.
O bildirib ki, ggənclərin din sahəsində azad seçim hüququ da təmin edilməlidir: “Hər bir gənc istədiyi dini qəbul etməkdə və ya heç bir dini qəbul etməməkdə sərbəstdir. Burada əsas məsələ fərdin mənəvi dəyərlərinə, əqidəsinə hörmətlə yanaşmaqdır. Bununla yanaşı, qeyd etməliyik ki, tolerantlıq ənənələrinə sadiq qalmağımıza baxmayaraq, bəzi ölkələr, xüsusilə Ermənistan tərəfindən bizim işğal altında olmuş ərazilərimizdə dini və tarixi abidələrimiz dağıdılmış, məscidlərimiz məhv edilmiş, qəbiristanlıqlarımız vandalizmə məruz qalmışdır. Bu kimi halların yolverilməz olduğunu dəfələrlə qeyd etmişik".
Ekspert həmçinin Azərbaycan bütün dinlərə və dini icmalara hörmətlə yanaşdığını tolerantlıq və qarşılıqlı anlaşma prinsiplərinə əməl etdiyini qeyd edib: "Eyni münasibəti biz də digər ölkələrdən, xüsusilə qonşu dövlətlərdən gözləyirik. Dini və mədəni irsə hörmət prinsipi qarşılıqlı şəkildə təmin olunmalıdır".
Elmir Heydərli
23:22 23.10.2025
Oxunuş sayı: 1572