Özbəkistan universitetləri Bakıda əməkdaşlıq müqavilələri imzalayıb
23 mayda Bakıda keçirilən Özbəkistan Ali Təhsil Müəssisələrinin III Təhsil Sərgisində iştirak edən qardaş ölkənin universitetləri əməkdaşlıq müqavilələri imzalayıblar.
Crossmedia.az xəbər verir ki, müqaviləni sərginin təşkilatçısı olan Ingla İnternational ETC-dən İcraçı direktor Aytən Məmmədli Özbəkistan tərəfdən isə Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetinin Strateji inkişaf üzrə 1-ci prorektor Juramirza Qayumov, Daşkənd Dövlət Tibb Universitetinin Beynəlxalq Fakültənin Dekanı Cahongir Tursunov, İnha Universitetinin Tələbələrlə iş və əməkdaşlıq üzrə prorektoru Furkat Muhiddinov, Daşkənd Dövlət Hüquq Universitetinin Xarici investisiya və təhsil ixracı şöbəsinin müdiri Shariphova Xilola, Turin Politexnik Universitetindən insan resursları üzrə menecer Dilnoza Djurayeva arasında imzalanıb.
Xatırladaq ki, imzalanmış əməkdaşlıq müqavilələri tərəflərin təhsil sahəsində birgə fəaliyyətini, xüsusilə də tələbələrin seçimi, qəbulu və təhsil imkanlarının təşkili istiqamətində əməkdaşlığını əhatə edir.
Müqaviləyə əsasən, şirkət universitetə potensial namizədləri təqdim edir, onların akademik göstəricilərinə və qəbul meyarlarına uyğunluğuna zəmanət verir, universitet isə həmin tələbələrin qəbul prosesini daxili qaydalara uyğun şəkildə həyata keçirir. Sənəddə həm təqaüdlü, həm də ödənişli əsaslarla ayrılan yerlər, maliyyə məsuliyyəti və təhsil xərclərinin qarşılanması məsələləri ayrıca göstərilib. Eyni zamanda universitetin şirkətlə eksklüziv əməkdaşlıq şərtləri də müqavilədə öz əksini tapır.
Qeyd edək ki, müqavilə tərəflərin etik normalara, qəbul siyasətinə və tələbələrin şəxsi məlumatlarının məxfiliyinə riayət etməsini nəzərdə tutur, yaranacaq mübahisələrin isə qarşılıqlı danışıqlar yolu ilə həll ediləcəyini müəyyən edir.
Ümumilikdə sənəd universitetlə beynəlxalq təhsil şirkəti arasında tələbələrin xarici ali təhsil imkanlarına çıxışını tənzimləyən, hüquqi və təşkilati öhdəlikləri müəyyən edən rəsmi əməkdaşlıq çərçivəsi kimi çıxış edir.
Elmir Heydərli
12:48 26.05.2026
Oxunuş sayı: 55