Kənd Təsərrüfatı Nazirliyindən dabaq xəstəliyi ilə bağlı - AÇIQLAMA

Dabaq xəstəliyinə yoluxan heyvanda temperatur yüksək olmasa ölüm faizi maksimum halda 0,1-0,2%-ə bərabər olur. Temperaturu yüksək olmayan heyvanın ölüm halı demək olar ki, baş vermir.
Crossmedia.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev bildirib.
O qeyd edib ki, heyvanda halsızlıq, iştahsızlıq olduqda dabaq xəstəliyindən şübhələnmək olar:
“Belə halları müşahidə edən fermerlər dərhal sahə üzrə baytar həkiminə və yaxud rayon baytarlıq idarəsinə müraciət etməlidirlər”.
Qurum rəsmisi bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkə üzrə dabaq xəstəliyinə qarşı peyvəndləmə prosesi aparılır.
Bununla yanaşı profilaktik kimyəvi dezinfeksiya, heyvan bazarlarında mexaniki təmizləmə işləri aparılır ki, xəstəliyin bir ərazidən digərinə keçidinin qarşısı alınsın.
B.Rzayev vurğulayıb ki, bəzi fermerlər müəyyən bəhanələr gətirərək baytar həkimlərə və peyvəndləmə prosesinə inamsız yanaşırlar:
“Mən fermerlərə müraciət edirəm ki, peyvəndləmə prosesindən yayınmasınlar. Peyvəndləmə dövlətin vətəndaşına göstərdiyi qayğının bir nümunəsidir”.
16:52 22.10.2025
Oxunuş sayı: 1436