Trampdan Rusiya- Ukrayna müharibəsi ilə bağlı yeni təklif: Savaş bitir?

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynaya cəbhənin indiki xəttində dayanmaq və "sonra nəsə barədə razılaşmaq" təklifini yenidən təkrarlayıb.
Bu barədə Ağ Evin jurnalistlərindən ibarət qrup məlumat yayıb.
"Tramp Putinlə Donbası müzakirə etmədiklərini bildirib və hər iki tərəfin "cəbhə xəttində dayanması" istəyini təkrarlayıb. "Rusiyan artıq ərazinin 78%-ni işğal edib. Onlar sonra nəsə barədə razılaşa bilərlər", - məlumatda qeyd edilib, lakin hansı ərazidən söhbət getdiyi dəqiqləşdirilməyib.
Daha əvvəl "Axios" portalı mənbələrə istinadən məlumat yaymışdı ki, ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli üzrə təklifi cəbhənin indiki xəttində dayanbmaqdan ibarətdir.
Məlum olduğu kimi, Tramp uzun müddətdir Rusiya- Ukrayna müharibəsinin bitməsi üçün çalışır. Bunun hər iki tərəflə intensiv təmaslar aparılır. Fəqət nə Moskva, nə də Kiyev geri çəkilir. Bu isə Şərqi Avropdakı müharibəni belə demək mümkünsə, "kor düyünə" çevririr.
Trampın bu dəfəki təklifinin effektivliyi barədə Crossmedia.az-a danışan hərbi ekspert Emin Həsənli bildirib ki, indiki halda yüksək səviyyədə sülhün əldə edilməsi mümkün deyil, çünki tərəflər təkliflərə etiraz edir: “Bu Ukrayna üçün qəbuledilməzdir. Ukrayna konstitusiyasında suverenliyin, ərazi bütövlüyünün təmini var. Odur ki, Ukrayna prezidenti Trampın təklifi ilə razılaşa bilməz. Razılaşsa da, ona ölkə içərisində çox böyük etiraz olar. Ukrayna ərazilərini itirib, milyonlarla adam ölkə ərazisindən çıxıb, qaçqın düşüb, şəhərlər dağılıb. Bu Ukrayna dövləti üçün çox çətin bir qərardır. ABŞ prezidenti bunu dəfələrlə təkrarlayır. Ukrayna bununla razılaşmaz, amma Rusiya razılaşar. Rusiya qələbə fonu verər və o əraziləri konstitusiyası ilə özünə birləşdirər".
Hərbi ekspert bildirib ki, münaqişənin bitməsi üçün tərəflər kompromis etməlidir: “Bu münaqişəni bitirmək üçün Putin və ya Zelenski hakimiyyətdən getməlidir. Ya da Rusiya bütövlükdə Ukraynanı işğal edib özünə uyğun bir sistem yaratmalıdır və ya Ukrayna ərazi bütövlüyünü bərpa etməlidir. İndiki halda isə hələ ki, bütünlükdə yüksək səviyyədə sülhün əldə edilməsi mümkün deyil. Tərəflər bu və ya digər formada bir neçə dəfə Trampın təklifinə öz etirazlarını bildiriblər, qəbul etməyiblər”.
E.Həsənli Avropa İttifaqının (Aİ) bu məsələyə münasibətindən də danışıb: "Ukraynanın yanında olduğuna görə, Aİ də bu təklifi qəbul etməyəcək”.
Günel Verdiyeva
13:37 20.10.2025
Oxunuş sayı: 1613