Elektron saatlar hansı xəstəlikləri yaradır? - Həkim açıqladı
Bir vaxtlar yalnız vaxtı göstərən saatlar bu gün ürək döyüntüsünü ölçür, yuxunu izləyir, fiziki aktivliyi hesablayır və sağlamlığımız haqqında məlumat toplamağa çalışır. Lakin həyatımızı asanlaşdırmaq üçün gündəlik istifadə etdiyimiz bu texnologiyalar gözlənilməz problemlərə də yol aça bilər. Biləkdən ayrılmayan, hətta gecə yatarkən belə çıxarılmayan ağıllı saatlarla bağlı bəzi istifadəçilərin dəridə qızartı, yanma hissi və qabarcıqlar barədə şikayətləri texnologiyanın təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Cihazın həddindən artıq qızması, batareyanın sürətlə boşalması və dəridə yaranan izlər arasındakı mümkün əlaqə isə hələ tam aydınlaşdırılmayıb.
Ağıllı saatların uzun müddət dəri ilə təmasda olması, cihazın qızması və dəri reaksiyalarının yaranması istifadəçiləri narahat edən əsas məsələlərdəndir. Xüsusilə sensorların yerləşdiyi hissədə müşahidə olunan qızartılar və bəzi hallarda qabarcıqlar bu cihazlardan istifadə zamanı ehtiyatlı olmağın vacibliyini göstərir. Bununla belə, belə halların birbaşa cihazın qızması ilə əlaqəli olduğu müstəqil ekspertiza ilə təsdiqlənməyib. Məsələnin diqqətçəkən tərəfi isə texnoloji rahatlığın insan sağlamlığı üçün hansı riskləri yarada biləcəyidir.
Ağıllı saat taxan şəxslərdə sensorların yerləşdiyi nahiyədə qızartı, yanma hissi və qabarcıqların yaranması hansı amillərlə əlaqəli ola bilər? Dərisi həssas olan, allergiyaya meyilli və ya xroniki dəri xəstəliklərindən əziyyət çəkən şəxslər bu cihazlardan istifadə edərkən hansı ehtiyat tədbirlərinə əməl etməlidirlər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən terapevt Zakir Quliyev bildirib ki, ağıllı saatın dəri ilə təmas etdiyi nahiyədə qızartı, yanma hissi və qabarcıqların yaranması çox vaxt kontakt dermatitlə, yəni dərinin qıcıqlanması və ya təmas allergiyası ilə əlaqəli olur.

“Saatın altında tərin, nəmin və sabun qalıqlarının toplanması, sürtünmə və kəmərin həddindən artıq sıx olması buna səbəb ola bilər. Bəzi insanlarda isə cihazın və ya kəmərin tərkibindəki nikel, akrilatlar və digər maddələr allergik reaksiya yaradır. Əlamətlərin sensorun yerləşdiyi nahiyədə olması sensorun özünün zərər verdiyini sübut etmir”, – deyə həkim qeyd edib.
Zakir Quliyev bildirib ki, bu reaksiyalar əsasən dəridə yerli iltihab yaradır və özlüyündə daxili orqanların zədələndiyini göstərmir: “Bununla belə, səbəb aradan qaldırılmadan saatın istifadəsinə davam edilməsi dəridə çatların, sulanmanın və qalınlaşmanın yaranmasına səbəb ola bilər. Qaşıma nəticəsində isə infeksiya riski arta bilər.
Həkimin sözlərinə görə, həssas dərisi, allergiyaya meyli və ya xroniki dəri xəstəliyi olan şəxslər saatı biləyi sıxmayacaq şəkildə taxmalı, istifadəyə mütəmadi fasilələr verməli, dəri ilə yanaşı cihazın arxa səthini və kəmərini də təmiz və quru saxlamalıdırlar.
Xüsusilə idmandan və yuyunmadan sonra saatın altında tər, nəm və yuyucu vasitə qalıqlarının qalmamasına diqqət yetirilməlidir. Cihazın təmizlənməsi istehsalçının göstərişlərinə uyğun aparılmalıdır. Məlum allergiyası olan şəxslər isə kəmərin və dəriyə toxunan digər hissələrin materialını yoxlamalıdırlar”.
Terapevt aktiv ekzema, yara və ya səpgi olan nahiyəyə saat taxmağı məsləhət görmür: “Qızartı, yanma hissi və ya qabarcıqlar yarandıqda cihaz çıxarılmalı, dəri sağalanadək istifadəyə fasilə verilməlidir. Qabarcıqları deşmək olmaz. Şikayətlər davam edərsə və ya saatdan hər istifadədə təkrarlanarsa, dermatoloqa müraciət edilməlidir. Lazım gəldikdə, allergiyaya səbəb olan maddənin müəyyənləşdirilməsi üçün yamaq testi aparıla bilər”.
Nuray Oqtayqızı
17:00 22.10.2026
Oxunuş sayı: 55