Yeni nəqliyyat qanunu logistika şirkətlərinin problemlərini həll edəcəkmi?- AÇIQLAMA

Azərbaycanda nəqliyyat-logistika sektorunun inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində yeni hüquqi addımlar atılır. Milli Məclisə təqdim olunmuş “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi bu sahədə münasibətlərin daha dəqiq tənzimlənməsini, yükdaşımaların şəffaf və səmərəli həyata keçirilməsini hədəfləyir. Layihənin sentyabrın 17-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılması planlaşdırılır. Həmin iclasda həmçinin “İpoteka haqqında”, “Avtomobil nəqliyyatı haqqında” qanunlara, eləcə də “Vergi Məcəlləsi”nə və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər nəzərdən keçiriləcək. Bu isə ölkə iqtisadiyyatında nəqliyyat, maliyyə və gömrük münasibətlərinin kompleks şəkildə yenilənməsi niyyətini göstərir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Crossmedia.az-a açıqlamasında bildirib ki, sərnişin daşımaları ilə bağlı məsələlərdə ciddi problemlər olmasa da, logistika xidmətlərində müəyyən boşluqlar mövcuddur: “Deməli, nəqliyyat-logistika ilə bağlı avtomobil nəqliyyatı, dəmir yolu nəqliyyatı, hava nəqliyyatında yüklərin və sərnişinlərin daşınması ilə bağlı bir çox məsələlər var. Amma sərnişinlərlə bağlı demək olar ki, məsələlər öz həllini tapıb. Belə ciddi problemlər yoxdur. Baqaj daşınmaları ilə bağlı da ciddi problem yoxdur. Sadəcə logistika xidməti ilə bağlı müəyyən problemlər mövcuddur. Bu isə yüklərin bir nöqtədən digər nöqtəyə multimodal, intermodal və ya unimodal formada daşınmasının təmin edilməsi ilə əlaqədardır”.
Ekspertin sözlərinə görə, unimodal daşımalar əsasən ölkə daxilində həyata keçirilir, intermodal və multimodal daşımalar isə daha mürəkkəb mexanizmlər əsasında baş tutur: “Məsələn, yüklərin qablaşdırmadan başqa bir qablaşdırmaya keçmədən, eyni formada müxtəlif nəqliyyat vasitələri ilə daşınması və bir sənəd əsasında bir nöqtədən digərinə çatdırılması məsələsidir. Bilirsiniz ki, Azərbaycanda Orta Dəhliz layihəsi, xüsusən də Zəngəzur dəhlizi layihəsi mövcuddur. Bu layihələrin icrası türk dövlətləri üçün mühüm imkanlar yaradır. Türk dövlətlərinin birliyi çərçivəsində yüklərin maneəsiz daşınması üçün müxtəlif formalar müzakirə olunur. Ona görə də qanunvericilikdə bu məsələlərin həlli vacibdir”.
E. Muradlı qeyd edib ki, logistika şirkətləri mövcud qanunvericilikdəki boşluqlar səbəbindən bir sıra çətinliklərlə üzləşirlər: “Bu yaxınlarda logistika şirkətləri ilə görüşüm oldu. Onlar bildirdilər ki, qanunvericilikdəki boşluqlar ciddi problemlər yaradır. Məsələn, iranlı işbazlar Azərbaycanın logistika şirkətinin Çinlə gətirdiyi malı, dənizdə tanker vasitəsilə daşınarkən saxta yollarla mənşə və mənbə sənədlərini dəyişərək başqa istiqamətə yönləndirə bilirlər. Mal Bəndər-Abbas limanına çatdırılır, lakin yükü daşıyan şirkət onu götürə bilmir. Malın sahibi isə tamamilə başqa sənədlər əsasında həmin limandan yükünü götürür və aparır”.
Ekspertin sözlərinə görə, bu prosesdə yükdaşıyan şirkətlər həm maddi ziyana uğrayır, həm də müqavilə öhdəliklərini tam yerinə yetirə bilmirlər: “Məsələn, şirkət 20 min dollar müqabilində xidmət göstərməyə razılaşır, amma başqa bir şirkət ortaya çıxaraq 15 min dollara bu işi görəcəyini deyir. Yolda isə malın sahibi fikrini dəyişir. Dənizin, okeanın ortasında fırıldaqçılar saxta sənədlərlə yükün təyinatını dəyişirlər. Nəticədə logistika şirkəti əziyyət çəkərək yükü daşısa da, pulunu ala bilmir. Çünki sənədlərdə yükün ümumiyyətlə həmin şirkət tərəfindən daşınmadığı göstərilir”.
Müsahibimiz hesab edir ki, bu kimi halların qarşısının alınması üçün yeni qanunvericilik mühüm rol oynayacaq:“Düşünürəm ki, qanunvericilikdə bu sahədəki boşluqları tam aradan qaldırmaq lazımdır. Cənab Prezident tərəfindən son dövrlərdə qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi tapşırıqlar verilib. Vacib sahələrdən biri də məhz nəqliyyat-logistika sahəsidir və bu istiqamətdə təkmilləşdirməyə çox ciddi ehtiyac var”.
Mehriban Yariyeva
15:34 29.09.2025
Oxunuş sayı: 1878