Sosioloqdan mübahisəli açıqlama: Toy bir şoudur
Özbəkistan hökuməti toylarda qonaq sayını və xərcləri məhdudlaşdıran yeni qərar qəbul edib. İndi toylara 200 nəfərdən çox qonaq dəvət edilə bilməz, ənənəvi plov mərasimləri isə 250 nəfərlə məhdudlaşdırılıb. Məqsəd ailələr üçün maliyyə yükünü azaltmaq və ərzaq məhsullarının keyfiyyətini təmin etməkdir.
Özbəkistanın bu qərarı sosial məsuliyyət və iqtisadi nizam-intizam baxımından əhəmiyyətlidir. Qonaq sayının və mərasim xərclərinin məhdudlaşdırılması ailələr üçün yükü azaldır və israfçılığın qarşısını alır. Bu addım həm də ölkədə daha səmərəli və rasional istehlak mədəniyyətinin formalaşmasına xidmət edir.
Oxşar təcrübənin Azərbaycanda da mümkün tətbiqi barədə sosioloq Əhməd Rəhmanov Crossmedia.az-a açıqlama verib.
Sosioloq, Konstitusiyanın bizə sərbəst toplaşma hüququ verdiyini, onu məhdudlaşdırmağın düzgün olmadığını vurğulayıb: “Öncə qeyd edim ki, təklif olaraq gözəl görünür. Yəni ailə yığıncağına, səmimi mühitə, vaxtilə bir yerdə böyüyüb oynayan insanların dəvət olunması yaxşıdır. Amma açıq deyim, şəxsən mənim xoşuma gəlmir. Bu, ümumi deyil, bizim şəxsi fikrimizdir. Digər tərəfdən, bizim Konstitusiyamız var və orada vətəndaşlara seçim və sərbəst toplaşma hüququ verilir. Əgər bu məsələni konstitusion baxımdan götürsək, düzgün deyil. Çünki vətəndaş olaraq bizim seçim və sərbəst toplaşma hüququmuz əldən alınmış olur. Amma bir toy, mənəviyyat və artıq xərclərin azaldılması baxımından yanaşsaq, əlbəttə ki, yaxşı təşəbbüsdür”.
O, toyların insanları məcburiyyət üçün yox, sevincə şərik olmaq və əhval-ruhiyyə qaldırmaq üçün birləşdirdiyini söyləyib: “Əvvəla, biz toya gedəndə özümüzə sual verək ki, biz nəyə görə gedirik? Birincisi, həmin adamın sevincinə şərik olmağa. İkinci, öz əhval-ruhiyyəmizi qaldırmağa. Yəni bu toy bir şoudur. Konsertə, sirkə getdiyimiz kimi toylara da ona görə gedirik ki, əhval- ruhiyyəmizi qaldıraq. Ən əsası isə qohum - ərqaba ilə görüşürük. Və əgər mən vaxtilə toya gedib, orada hesabımı vermişəmsə, bu, o demək deyil ki, mən mütləq həmin adamıı toyuma çağırmalıyam. Yəni bu, səhv mövqedir. Ona görə güc tətbiq edib insanları bu formada məcbur etmək düzgün deyil. Yenə deyirəm, bu, Konstitusiyamıza ziddir. Konstitusiya elə bir şeydir ki, bugün bir hissəsini tapdalasaq, sabah başqasını, üçüncü gün isə başqa bir bəndini pozacağıq. Bu halda artıq Konstitusiya yox, ədalətsiz bir şey olar”.
Nicat Rüstəmzadə
23:41 26.09.2025
Oxunuş sayı: 7422