Azərbaycanla Aİ arasında təhsil sahəsində əməkdaşlıq inkişaf edir - DEPUTAT
Müasir dünyada təhsilin inkişafı və beynəlxalq əməkdaşlıq milli təhsil sistemlərinin güclənməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı xüsusi önəm daşıyır. Aİ uzun illərdir müxtəlif ölkələrdə təhsilin keyfiyyətinin artırılması, müasir yanaşmaların tətbiqi və insan kapitalının inkişafı istiqamətində layihələr həyata keçirir. 2008-ci ildən etibarən Aİ Azərbaycanın təhsil sektorunun modernləşdirilməsi və beynəlxalq təcrübənin tətbiqinə dəstək verir. Həmin dövrdən bu günə qədər ölkəmizdə Aİ-nin maliyyə və ekspert dəstəyi ilə ümumilikdə 29 layihə icra olunub. Bu layihələr Azərbaycan təhsilinin Avropa standartlarına uyğunlaşmasına, innovativ yanaşmaların tətbiqinə və gənclərin keyfiyyətli təhsilə çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a bildirib ki, Azərbaycan və Aİ arasında əlaqələr bu gün yüksək səviyyədədir: “Öncə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan və Aİ arasında münasibətlər yüksək səviyyədədir. Bir neçə gün əvvəl keçirilən görüşdə də əlaqələrimizin inkişafı məsələsi vurğulandı. Aİ Azərbaycana vəsait ayıracaq və bu vəsait digər mina təmizləmə sahəsinə sərf olunacaq. Bu əməkdaşlıq həm də təhsil sahəsində özünü göstərir. Belə ki, 29 təhsil layihəsi kifayət qədər böyük layihədir, elə-belə bir layihə deyil və bu, olduqca önəmli bir hadisədir”.
Deputatın sözlərinə görə, bu layihələrin həyata keçirilməsi üçün dövlət tərəfindən ardıcıl addımlar atılır: “Bu layihələr bizə beynəlxalq təcrübə imkanı verir, təhsilimizi Avropa standartları səviyyəsinə qaldırmaq üçün imkanlar yaradır. Yəni bu mənada həyata keçirilməsi çox önəmlidir. Bu cür layihələr təhsilimizin inkişafına öz töhfəsini verir. Bu baxımdan hesab edirəm ki, gələcəkdə layihələrin əsasən təhsil sahəsində genişləndirilməsi vacibdir. Eyni zamanda digər istiqamətlərdə də müsbət təsir göstərəcək. Bu istiqamətdə çalışaraq biz də öz töhfəmizi verməliyik”.
Mehriban Yariyeva
14:06 24.09.2025
Oxunuş sayı: 4790