Ekspert: Vaşinqton İranın Fars körfəzində mümkün eskalasiyasına hazır olmalıdır

Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş elmi işçisi Fərzin Nədimi hesabatında xəbərdarlıq edib ki, BMT sanksiyalarının “snapback” mexanizminin işə düşməsi fonunda İran ABŞ və müttəfiqlərinə qarşı Fars körfəzində təzyiqləri artıra bilər.
Crossmedia.az xəbər verir ki, ekspertin sözlərinə görə, Tehran keçmişdə olduğu kimi, gəmiləri ələ keçirmək, minalar yerləşdirmək və dronlardan istifadə etməklə cavab verə bilər.
Nədimi əlavə edib ki, İran Xarici İşlər Nazirliyinin nümayəndələri və hökumətyönlü media son günlərdə Fransa, Almaniya, Britaniya və ABŞ-nin maraqlarına qarşı dənizdə nəticələr ola biləcəyi ilə bağlı açıq hədələr səsləndirirlər.
O, bu təhdidlərin əvvəlki təcrübələrə uyğun olduğunu xatırladaraq, Tehranın əvvəllər də beynəlxalq təzyiqlərə cavab olaraq bölgədəki gəmiçiliyə və Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumlar təşkil etdiyini bildirib.
15:06 17.09.2025
Oxunuş sayı: 930