ABŞ İranın nüvə silahını ləğv etməkdə israrlıdır

ABŞ hesab edir ki, İran öz nüvə proqramının inkişafını tamamilə dayandırmalı və uranın zənginləşdirilməsi üzrə bütün obyektləri ləğv etməlidir.
Crossmedia.az-ın məlumatına görə, bunu Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) Baş Konfransının 69-cu növbəti sessiyasının plenar iclasında çıxışı zamanı ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
"İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) qarşı şəffaflıq göstərməməsi və onun nüvə eskalasiyası qəbuledilməzdir", - deyə o vurğulayıb.
Rayt qeyd edib ki, İran öz öhdəliklərini nəzərə alaraq agentliyə tam əməkdaşlıq etməlidir. O, həmçinin bildirib ki, Tehran müfəttişlərə narahatlıq doğuran bütün obyektlərə giriş icazəsi verməlidir.
Bununla belə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın 60%-ə qədər saflıqda zənginləşdirilmiş uranın təxminən 440,9 kq toplamasından narahat olduğunu bildirib.
Agentliyin meyarlarına görə, bu, daha da zənginləşdirilərsə, 10 nüvə bombası üçün kifayətdir.
22:51 15.09.2025
Oxunuş sayı: 809