“Hərbi Konfliktlərin Ətraf Mühitə Təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

10–12 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti, Türkiyənin Ege Universiteti, Özbəkistanın Karşı Dövlət Universiteti və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının birgə təşkilatçılığı ilə “Hərbi Konfliktlərin Ətraf Mühitə Təsiri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Crossmedia.az xəbər verir ki, konfransda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan, Ukrayna, Rusiya, Sudan və Böyük Britaniyadan tanınmış alim və mütəxəssislər iştirak edəcək.
Tədbirin açılış mərasimi 10 sentyabr tarixində “Grand Hotel Europe” otelində baş tutacaq və burada plenar iclas keçiriləcək. Konfransın elmi hissəsi Radiasiya Problemləri İnstitutunda müxtəlif tematik bölmələr üzrə davam etdiriləcək.
İclaslarda hərbi əməliyyatların flora və faunaya, su hövzələrinə, hava və torpaq qatına təsiri, radioekoloji risklər, meşə yanğınları və mina partlayışlarının ekosistemə yaratdığı fəsadlar kimi mövzularda elmi məruzələr təqdim olunacaq.
Qeyd edək ki, konfrans yalnız elmi müzakirələrə həsr olunacaq və siyasi mövzulardan kənar keçiriləcək.
11:23 02.09.2025
Oxunuş sayı: 1034