Politoloq: “İsraillə HƏMAS arasında real razılaşma mümkün görünmür”

"Axios"un jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkəsində bildirib ki,İsrailin strateji planlaşdırma naziri Ron Dermer Qəzza danışıqlarında vasitəçi olan Qətər nümayəndələri ilə görüşündə ölkəsinin yalnız anklavda qalan girovların azad edilməsi şərti ilə atəşkəsə razılaşacağını bildirib.
"Dermer bu gün Parisdə Qətərin yüksək rütbəli nümayəndələri ilə Qəzzada girovlar və atəşkəs sazişini müzakirə etmək üçün görüşüb. Görüşün təfərrüatları ilə tanış olan mənbə deyib ki, Dermer bildirib: "Belə bir saziş üçün İsrailin tələbləri müharibənin sona çatması şərtləri ilə eynidir: bütün girovların azad edilməsi, bu, HƏMAS qruplaşmasının məğlubiyyətidir", - deyə Ravid yazıb.
Yüksək rütbəli İsrail rəsmisi "Axios"a bildirib ki, Dermer və Qətər nümayəndələrinin görüşü yüksək məxfilik şəraitində keçirilib.
Xatırladaq ki, HƏMAS Misir və Qətərin döyüşlərin 60 günlük dayandırılması və İsrailin fələstinli məhbusların bir hissəsini azad etməsi müqabilində 10 canlı girovun azad edilməsi və 18 ölünün cəsədlərinin təhvil verilməsi təklifini qəbul edib. Vasitəçilər HƏMAS-ın reaksiyasını İsrailə çatdırıblar, lakin İsrail hakimiyyəti hələ cavab verməyib.
Avqustun 20-də İsrail Müdafiə Qüvvələrinin sözçüsü general-mayor Effi Defrin bildirib ki, İsrail Ordusu Qəzza şəhərində quru əməliyyatlarına başlayıb və onun ətraflarını ələ keçirib.
Bu barədə Crossmedia.az-a danışan politoloq Aytən Qurbanova bildirib ki, hazırkı vəziyyətdə İsrail və HƏMAS arasında real atəşkəsin əldə olunması mümkün görünmür: "Tərəflərin irəli sürdüyü şərtlər bir-biri ilə ziddiyyət təşkil edir. Eyni zamanda, daha əvvəl əldə olunmuş atəşkəsin qısa müddət davam etməsi, hər iki tərəfin götürdükləri öhdəliklərdən tez bir zamanda yayınması və şərtlərin yerinə yetirilməməsi aydın şəkildə görünür. Digər tərəfdən, İsrail rəsmilərinin açıqlamaları göstərir ki, onların əsas məqsədi HƏMAS-ın varlığına son qoymaq və Qəzzanı tam nəzarət altına almaqdır. Bu şərtlər altında İsrailin hərbi əməliyyatları dayandırmaq ehtimalı çox zəifdir".
Müsahibimi söyləyib ki, HƏMAS tərəfindən irəli sürülən güzəştlər isə əsasən vaxt qazanmaq və gələcəkdə yenidən hərbi qarşıdurma ehtimalını qorumağa yönəlib: "Ona görə də indiki məqamda həm İsrailin, həm də HƏMAS-ın davamlı atəşkəsə qarşılıqlı razılıqla getməsi ehtimalı çox aşağıdır. İsrailin hücumları və atdığı addımlar buna bariz nümunədir."
Mehriban Yariyeva
18:45 21.08.2025
Oxunuş sayı: 3433