HƏMAS tam bloklanamayana qədər İsrail əməliyyatları dayandırmayacaq - Politoloq

Bir neçə gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya mümkün hücum planı barəsində artıq ilk anons vermişdi. Lakin bu İsrailin bəzi hakim dairələrinin narazılığına səbəb olmuş Netanyahu və onun administrasiyası arasında konfliktlərə səbəb olmuşdur. Bu gündən etibarən isə artıq İsrail ordusu Qəzza şəhərinə planlaşdırılan hücumu həyata keçirib. Bəs maraqlıdır hazırki vəziyyətdə İsrailin bu hücumun sonu necə ola bilər, gözləntilər nədir?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Aytən Qurbanova bu hücumun mahiyyətinin əvvəlcədən İsrail tərəfindən açıq şəkildə deyildiyini qeyd edib: "Düşünürəm ki, əslində bu hücumların mahiyyəti hələ əvvəlcədən İsrail rəsmiləri tərəfindən açıq şəkildə ifadə olunmuşdu. Yəni HƏMAS varlığına tamamilə son qoyulmadan hərbi əməliyyatların dayandırılmayacağı, həmçinin əməliyyatların başlanmasının əsas səbəbinin də məhz HƏMAS-ın mövcudluğunu aradan qaldırmaq olduğu Netanyahu və digər rəsmilər tərəfindən dəfələrlə vurğulanmışdı.
Buna görə də HƏMAS-ın ilkin atəşkəs şərtlərinə qayıtmaqla bağlı müraciəti istiqamətində yayılan məlumatlar nə sülh yönümlü, nə də real nəticə vəd edən informasiyalar kimi qəbul edilirdi".
Politoloq həmçinin rəsmi Təl-Əvivin HƏMAS-ı tam bloklamayana qədər əməliyyatları dayandırmayacağını qeyd edib.
"Mənim fikrimcə, son hücum da gözlənilən istiqamətdə – Qəzzanın tam nəzarət altına alınması və eyni zamanda Həmasın bütün fəaliyyət imkanlarının tamamilə bloklanması ilə nəticələnmədiyi təqdirdə – İsrailin hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını göstərir. Belə görünür ki, Tel-Əviv bu istiqamətdə addımlarını davam etdirməkdə qərarlıdır" - deyə politoloq bildirib.
Elmir Heydərli
13:48 21.08.2025
Oxunuş sayı: 2260