Kompleksə qurban gedən sağlamlığımız- Mütəxəssislər danışdı

Bu günlərdə Sumqayıt şəhər sakini arıqlamaq üçün qəbul etdiyi sirkə turşusundan vəfat edib. Son zamanlar bu kimi bədbəxt hadisələrin sayında ciddi artım müşahidə olunur. Bəs arıqlamaq adı ilə insanların bu qədər canfəşanlıq etməsi nədən qaynaqlanır?
Ümumiyyətlə, insan həmişə istər fiziki, istər cismən özünü hərtərəfli cəhətdən yaxşı görsənməsi üçün çalışır. Təbii, bu, normal bir haldır, lakin qədərində və miqdarında. İnsan özünə bəxş olunmuş bədən quruluşundan, yaxud çəkidən niyə narazı olsun ki? Bir çoxlarına görə, belə iddiaların kökündə dayanan qibtədir. Bəzən insanlar ətrafdakıların onlardan daha zərif olmasına belə demək mümkünsə, həsədlə yanaşırlar. Nəticədə bədxassəli aqressiya yaranır. Və insanlar tələm- tələsik, özü də asan yolla arıqlamağa cəhd edirlər. Sirkə turşusu içmək də belə "üsullardan" biri kimi hesab olunur.
Beləliklə, insanlar sağlamlıqlarını kompleksə qurban verirlər.
Bu barədə Crossmedia.az-a danışan həkim Şahvələd Məmmədov arıqlamaq adı ilə tələbləri gözləmədən bütün üsulların tətbiq edilməsinin yolverilməz olduğunu qeyd edib:
"Öncə onu deyək ki, Sumqayıtda baş vermiş hadisənin dəqiq səbəbi hələ məlum deyil. Başqa məqamlar da prosesdə rol oynaya bilər. Bu, hələ tam məlum deyil. Sadəcə olaraq insanlar arıqlamaq üçün vasitələrsən istifadə edərkən mütləq həkim məsləhəti almalı və orqanizmdə gedən proseslərə uyğun addımlar atmalıdır. İkincisi, ac qalmaq, sadəcə sirkə ilə arıqlamağa cəhd etmək yolverilməzdir. Orqanizmin inkişafı sirkə ilə tənzimlənmir. İnsanın fiziki aktivliyi olmalıdır, oturaq olmayan həyat tərzi, yəni dinamikası varsa, normal qidalanırsa, gündəlik aktiv həyat tərzi keçirirsə, müəyyən qida rejimləri gözlənilirsə, o, kökələ bilməz".
Həkim, həmçinin hazır qidalar barədə də dabışıb: "Bu gün dünyada "fast- food" qidaları çox populyarlaşıb. ABŞ-də " fast food" yeyənlər arasında çoxlu insan piylənmədən, xüsusilə də ümumi piylənmədən, qaraciyər piylənməsindən və s. əziyyət çəkir. Ona görə də orada insanlar arıqlamaq üçün müxtəlif üsullara əl atırlar — əlavələrdən, sirkədən istifadə edirlər. Amma ən sonunda bariatrik əməliyyata qədər gedirlər. Çünki artıq çəkisi olan insanlar üçün başqa çarə qalmır".
Psixoloq Minarə Səbzəliyeva isə söyləyib ki, belə iddialar "mən belə eləsəm, gözəl olacam" fikrindən qaynaqlanır: "Burada biz neçə faktor rol oynayır. Sosial media da sözügedən tendensiyada mühüm rol oynayır. Sosial media insanlarda gözəlliyin daha az çəkili, üz quruluşunun estetik əməliyyatlı, dəri rənginin daha çox tünd olmasına dair fikir formalaşdırır. Beləliklə, insanlar gözəl, yaraşıqlı olacaqlaır təqdirdə seviləcəklərini, fərqlənəcəklərini düşünürlər. Şəxs öz daxili dünyası ilə deyil, xarici dünya və xarici resurslarla özünü qiymətləndirir.
Psixoloq, həmçinin belə şəxslərin özünün qiymətləndirməsinin qeyri-adekvat olduğunu qeyd edib: "Çünki "mən" qavrayışı sanki zədəli olur" - deyə psixoloq qeyd edib.
Göründüyü kimi, insanlar istər tibbi cəhətdən, istər psixoji cəhətdən qeyd olunan şərtlərə əməl edərsə, bu zaman kökəlməz və heç bir mənfi hallardan söhbət belə ola bilməz. Ona görə də sağlamlığımızı düşünək ki, sağlam olaq.
Elmir Heydərli
12:08 05.08.2025
Oxunuş sayı: 1708