Bəşəriyyətin ən ağrılı günü - İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə günü

İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü — bəşəriyyətin ən ağrılı və eyni zamanda ən ciddi problemlərindən birinə diqqətin yönəldildiyi gündür. Bu gün, BMT-nin 2013-cü ildə qəbul etdiyi qərara əsasən, beynəlxalq ictimaiyyətin diqqətini qlobal miqyasda insan hüquqlarının pozulmasına səbəb olan bu zərərli cinayətə yönəltmək üçün qeyd olunur. Dünyanın hər yerində milyonlarla insan müxtəlif formalarda aldatma, zorakılıq və istismarla üz-üzə qalır. İnsan alveri — sadəcə bir hüquq pozuntusu deyil, insan ləyaqətinin, azadlığın və həyati dəyərlərin amansız şəkildə tapdanmasıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü hər il 30 iyul tarixində qeyd olunur və onun əsas məqsədi bu cinayətə qarşı cəmiyyətin məlumatlılıq səviyyəsin artırmaq, qurbanların hüquqlarını qorumaq və beynəlxalq səviyyədə mübarizə tədbirlərini gücləndirməkdir:
“İnsan alveri XXI əsrin ən təhlükəli və gizli qalan cinayətlərindən biridir. Bu cinayət yalnız fərdlərin hüquqlarını pozmur, həm də sosial ədaləti və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid edir. BMT və ona bağlı qurumlar, eləcə də digər beynəlxalq təşkilatlar bu problemin qarşısını almaq üçün müxtəlif proqramlar həyata keçirirlər. Mühüm sənədlərdən biri 2000-ci ildə qəbul edilən “Palermo Protokolu”dur. Bu protokol insan alverinin cinayət kimi tanınmasını, qurbanların qorunmasını və dövlətlərarası əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Bu günə qədər yüzdən çox ölkə həmin protokola qoşularaq öz daxili qanunvericiliyini uyğunlaşdırmışdır. Lakin hüquqi mexanizmlərlə yanaşı, bu cinayətə qarşı effektiv mübarizə üçün sosial, iqtisadi və mədəni aspektlər də nəzərə alınmalıdır.
Əlavə olaraq, mübarizənin effektivliyi yalnız cinayətkar şəbəkələrin ifşası ilə bitmir. Qurbanların reabilitasiyası, onlara psixoloji və hüquqi yardımın göstərilməsi, sosial inteqrasiyası və yenidən istismara məruz qalmalarının qarşısının alınması da vacibdir. Təəssüf ki, bir çox ölkədə bu sahədə sistemli mexanizmlər mövcud deyil və qurbanlar ya hüquqi müdafiədən kənarda qalır, ya da yenidən risk altına düşür. İnsan alverinə qarşı mübarizənin daha effektiv olması üçün dövlətlərarası informasiya mübadiləsinin genişləndirilməsi, sərhədlərarası cinayət şəbəkələrinin izlənməsi, hüquq-mühafizə orqanlarının hazırlığının artırılması və ən əsası, cəmiyyətin məlumatlandırılması vacib amillərdəndir. Çünki bu cinayət təkcə fərdi deyil, kollektiv məsuliyyəti tələb edir. Beynəlxalq Mübarizə Günü də məhz bu çağırışların cəmiyyətin bütün təbəqələrinə çatdırılması üçün vacib platformadır”.
Nəzrin Salmanova
12:49 30.07.2025
Oxunuş sayı: 1130