Yasamal rayonunda “Dilimiz milli kimliyimizdir” adlı tədbir keçirilib

YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1
Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Dilimiz milli
kimliyimizdir” adlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, YAP Yasamal rayon təşkilatında
baş tutan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,
Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nazilə Rəhimova, “H.Cavid
pr.31” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Dilçilik İnstitutunun
Terminalogiya şöbəsinin müdiri Sayalı Sadıqova, “H.Cavid pr.25” ünvanı üzrə ərazi
partiya təşkilatının sədri, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər
kafedrasının müdiri Həbib Mirzəyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları,
ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, partiya üzvləri iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə YAP Yasamal rayon təşkilatının
inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri
düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda
canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev
bildirib ki, Azərbaycan dili minilliklərə söykənən tarixi ilə türk dilləri ailəsinin
ən qədim və zəngin qollarından biridir. Bu dil əsrlər boyu xalqımızın mədəniyyətini,
düşüncə tərzini və milli kimliyini yaşadan güclü mənəvi daşıyıcı olmuşdur.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 27 iyun
tarixində o zaman türk dili adlanan Azərbaycan dili rəsmi dövlət dili elan
olunub. Bu, ana dilimizin hüquqi status alması baxımından tarixdə ilk və mühüm
addım idi. Lakin 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan
dili formal olaraq dövlət dili sayılsa da, ruslaşdırma siyasəti tədricən gücləndirildi.
1929-cu ildə ərəb qrafikasından latın əlifbasına keçid edildi, bu da müəyyən
müasirləşmə niyyətləri daşıyırdı. 1940-cı ildə isə sovet imperiyasının qərarı
ilə Azərbaycan dili üçün kiril qrafikası tətbiq olundu. Azərbaycan dilinin
qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri
danılmazdır. 1977-ci ildə Azərbaycan SSR Konstitusiyasına dövlət dili haqqında
müddəanın salınmamasına qarşı çıxan Ulu Öndər, 1978-ci ilin aprelində Azərbaycan
SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsinə nail
oldu. Bu addım milli mənəvi kimliyimizin və dilimizin hüquqi təminatı
baxımından dönüş nöqtəsi idi. Bildirilib ki, müstəqillik illərində də Ulu Öndərin
dil siyasəti onun ümumi dövlət quruculuğu strategiyasının ayrılmaz hissəsi olub.
O, 2001-ci ilin 18 iyun tarixində “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” və həmin ilin avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan
Dili Gününün təsis edilməsi haqqında” fərmanlarla ana dilimizin qorunmasına
mühüm töhfələr verib. Onun siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2004-cü ildə latın qrafikalı
kütləvi nəşrlərlə, Azərbaycan Milli Ensiklopediyasının nəşri ilə, eləcə də
dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində çapı ilə bağlı sərəncamları,
ana dilimizin geniş tətbiqini təmin edib. 2013-cü ildə qəbul edilən Dövlət
Proqramı, Azərbaycan dilinin qloballaşma şəraitində qorunmasını və dilçilik sahəsində
elmi tədqiqatların dəstəklənməsini hədəfləyib. 2018-ci ildə imzalanmış sərəncamlar
isə dilimizin elektron məkanda istifadəsinin genişləndirilməsi və dil
saflığının qorunması istiqamətində yeni mərhələ açıb. Bütün bu qərarlar və
ardıcıl siyasət Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli-mənəvi
dəyər kimi yaşadılmasına xidmət edir. Ana dilimizə dövlət səviyyəsində göstərilən
bu diqqət və qayğı onun gələcək nəsillərə saf və zəngin şəkildə ötürülməsini təmin
edir. Çıxışın sonunda Bəxtiyar Nəbiyev əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını
təbrik edib.
Çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin müdir
müavini Nazilə Rəhimova vurğulayıb ki, 1
Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, milli varlığımızın
qorunması və gələcəyə daşıması baxımından strateji əhəmiyyət daşıyan bir
gündür. Bu tarix Azərbaycan xalqının ana dilinə verdiyi dəyərin, dil uğrunda
göstərilən fədakarlığın rəmzidir. Ümummilli
Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmanla 1 Avqust tarixi
dövlət səviyyəsində rəsmiləşdirildi. Latın qrafikasına keçid sadəcə texniki dəyişiklik
deyil, milli özümüzə dönüş idi. Azərbaycan dili əsrlər boyu xalqımızın milli
şüurunun, mənəviyyatının daşıyıcısı olub. Ulu Öndər Heydər Əliyevin sovet dönəmində
belə, dilimizin hüquqi müdafiəsini təmin etməsi əsl siyasi cəsarət nümunəsi
idi. Onun təşəbbüsü ilə Konstitusiyada “Azərbaycan dili dövlət dilidir” müddəasının
yer alması milli qürur mənbəyidir. Ana dilimiz bu gün də dövlət siyasətinin əsas
istiqamətlərindən biri olaraq diqqət mərkəzindədir. Prezident İlham Əliyev
dilin inkişafı, qorunması və müasir texnoloji platformalarda tətbiqi üçün
ardıcıl qərarlar qəbul edib. 2013-cü və 2018-ci illərdə təsdiqlənmiş proqram və
sərəncamlar Azərbaycan dilini həm məzmun, həm də funksiya baxımından gücləndirib.
Ana dilində çap olunan kitablar, ensiklopediya nəşrləri və tərcümə proqramları
milli-mədəni zənginliyimizin qorunmasına xidmət edir. Bu gün Azərbaycan dili həm
elm, həm diplomatiya, həm də beynəlxalq platformalarda uğurla təmsil olunur.
Dilimizə sahib çıxmaq keçmişə hörmət, gələcəyə vəfa deməkdir. 1 Avqust tarixi həm
də, xalqımızın milli şüuruna işıq tutan, dilinə, kimliyinə sahib çıxma günüdür.“H.Cavid
pr.31” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Dilçilik İnstitutunun
Terminalogiya şöbəsinin müdiri Sayalı Sadıqova çıxış edərək bildirib ki, 1
Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ölkəmizin milli mənəvi dəyərlərinin
təntənəsi kimi qeyd olunur. Bu mühüm tarix Ümummilli Lider Heydər Əliyevin
2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsbit olunub. Latın qrafikalı əlifbaya
keçid Azərbaycanın müstəqillik yolunda atdığı mühüm addımlardan biri oldu. Ulu
Öndərin təşəbbüsü ilə milli dilimizin inkişafı, hüquqi müdafiəsi və ictimai həyatın
bütün sahələrində tətbiqi təmin edildi. Hələ 1978-ci ildə Azərbaycan SSR
Konstitusiyasına dövlət dili haqqında müddəanın daxil edilməsi Ulu Öndərin dilə
və millətə sədaqətinin göstəricisi idi. O, dilin milli kimliyin daşıyıcısı
olduğunu daim vurğulayırdı. Ümummilli Lider Heydər Əliyev üçün dil yalnız
ünsiyyət vasitəsi deyil, xalqın varlığı və şərəf məsələsi idi. Məhz bu yanaşma
nəticəsində Azərbaycan dili müstəqil dövlətin başlıca atributlarından birinə
çevrildi. Onun müəyyənləşdirdiyi dil siyasəti bu gün də Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Ana dilimizin elektron məkanda, təhsil, mədəniyyət
və informasiya mühitində geniş tətbiqi istiqamətində mühüm qərarlar verilib.
Latın qrafikalı əlifbanın tətbiqi milli kimliyimizin qorunması və qloballaşma
qarşısında dirəniş simvoludur. Bu gün Azərbaycan dili həm ölkə daxilində, həm də
beynəlxalq səviyyədə yüksək nüfuza malikdir. Ana dilini sevən, ona sahib çıxan
xalq heç vaxt məğlub olmaz. Bu gün hər bir vətəndaşın borcu Ulu Öndərin miras
qoyduğu dəyərlərə sadiq qalmaq və ana dilini qoruyub gələcək nəsillərə ötürməkdir.
“H.Cavid pr.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri,
Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib
Mirzəyev çıxış edərək qeyd edib ki, Azərbaycan dilinin və əlifbasının müstəqil
dövlət quruculuğundakı rolu danılmazdır. 1 Avqust tarixinin Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günü kimi qeyd olunması xalqımızın milli kimliyinə, mənəvi dəyərlərinə
dərin hörmətin nümunəsidir. Bu mühüm qərar Ümummilli Lider Heydər Əliyevin
uzaqgörən siyasətinin nəticəsidir. Latın qrafikalı əlifbanın bərqərar olunması
ilə Azərbaycan öz milli və müasir inkişaf yolunu müəyyənləşdirdi. Dilimizin
dövlət dili kimi qorunması uğrunda Ulu Öndərin apardığı mübarizə milli iradənin
təzahürü idi. Onun 1978-ci ildə Konstitusiyada Azərbaycan dilinin dövlət dili
kimi qeyd olunmasına nail olması tarixi uğurdur. Bu, milli kimliyimizi, mənəvi
varlığımızı qorumaq baxımından əvəzsiz addım idi. Ulu Öndər Heydər Əliyev dilə
olan sevgi və ehtiramı xalqın gələcəyinə verilən dəyər kimi qiymətləndirirdi.
Ana dilimiz müstəqillik rəmzidir, dövlət suverenliyinin simvoludur. Bu gün
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə qəbul edilən proqram və sərəncamlar
dilimizin inkişafına yeni mərhələ gətirib. Elektron məkanda, təhsildə, elmdə və
mədəniyyətdə Azərbaycan dilinin mövqeyi günü-gündən möhkəmlənir. Hər il çap
olunan latın qrafikalı nəşrlər, dilin saflığının qorunmasına yönəlmiş tədbirlər
bu siyasətin davamlılığını göstərir. Azərbaycan dili bizim milli sərvətimizdir
və onun qorunması dövlət siyasətinin prioritetidir. 1 Avqust bizə bu milli sərvətin
dəyərini bir daha xatırladır.Sonda Yeni Azərbaycan Partiyası Himni səsləndirilib
və xatirə şəkli çəkdirilib.
15:19 29.07.2025
Oxunuş sayı: 2176