Ukrayna "Tamam", Rusiya "Davam" deyir: Savaşın sonu görünmür

Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının Baş katibi Rustem Umerov deyib ki, Ukrayna atəşkəsə hazırdır və nümayəndə heyəti buna nail olmaq üçün istənilən, hətta ən kiçik fürsətdən istifadə edir.
"Bu gün Ukrayna Prezidentinin tapşırığına uyğun olaraq, nümayəndə heyəti İstanbuldadır. Danışıqlardan əvvəl komanda ilə son hazırlıq işlərini apardıq. Biz ədalətli və davamlı sülhün əldə olunması, bütün insanlarımızın, o cümlədən qanunsuz olaraq Rusiyaya deportasiya olunmamış uşaqların geri qaytarılması naminə danışıqlar prosesini davam etdiririk", - Umerov qeyd edib.
"Atəşkəs üçün bütün texniki mexanizmlər yaxşı məlumdur. Yeganə maneə Moskvanın qeyri-konstruktiv mövqeyidir", - Umerov əlavə edib.
O, həmçinin vurğulayıb ki, Ukrayna ardıcıl olaraq liderlərin görüşünün tərəfdarıdır.
"Biz dünən buna hazır idik, bu gün də hazırıq, sabah da hazır olacağıq. Rusiya öz hazırlığını nümayiş etdirməlidir", - Umerov yekunlaşdırıb.
Ukrayna tərəfinin atəşkəsə və sülh danışıqlarına hazır olduğunu bəyan etməsinə baxmayaraq, Rusiyanın qeyri-konstruktiv mövqeyi prosesi çıxılmaz vəziyyətə salır. Kreml Kiyevin ərazi bütövlüyünü tanımır, maksimalist şərtlər irəli sürür və sülh danışıqlarını taktiki alət kimi istifadə edir ki, bu da real dialoqu və qarşılıqlı güzəştləri mümkünsüz edir.
Umerovun səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan politoloq Aytən Qurbanova bildirib ki, Ukraynanın atəşkəs və sülh danışıqları üçün istənilən fürsətdən istifadə etməyə hazır olduğunu bəyan etdiyi bir zamanda, Rusiyanın qeyri-konstruktiv mövqeyi sülh prosesinin irəliləməsinə ciddi şəkildə maneə yaradır.
Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, Kremlin əsas hədəfi müharibənin başlanma səbəbləri adlandırdığı şərtlərin beynəlxalq səviyyədə qəbulunu təmin etməkdir: "Bu isə, mahiyyət etibarilə, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin gözardı edilməsi deməkdir. Rusiya 2014-cü ildən Krım yarımadasını, 2022-ci ildən sonra isə Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin bir hissəsini işğal edərək onların Rusiyaya birləşdirildiyini iddia edir. Bu yanaşma isə Ukraynanın beynəlxalq hüquq çərçivəsində tanınan sərhədlərinin bərpasını tələb edən haqlı mövqeyi ilə tamamilə ziddiyyət təşkil edir. Belə bir iddianın danışıqların ilkin şərti kimi irəli sürülməsi, əslində, Rusiyanın Ukraynanın suveren ərazilərindən imtina etməsini tələb etməsi anlamına gəlir ki, bu da Ukrayna üçün tamamilə qəbuledilməzdir".
O, əlavə edib ki, Rusiya hələ də sülh danışıqlarının əsas şərti kimi Ukraynanın demilitarizasiyası və denasifikasiyası tələblərini gündəmdə saxlayır: "Bu tələblər yalnız Ukraynanın təhlükəsizlik imkanlarını zəiflətməyə deyil, həm də onun daxili siyasi sisteminə açıq müdaxilə məqsədi daşıyır.
Rusiyanın qeyri-konstruktiv mövqeyi bir neçə əsas elementlə xarakterizə olunur: Ukraynanın ərazi bütövlüyünü tanımamaq, maksimalist və dəyişməz şərtlərlə çıxış etmək, beynəlxalq vasitəçilik səylərinə açıq olmamaq və sülh prosesini yalnız taktiki siyasi alət kimi dəyərləndirmək. Bu amillər real qarşılıqlı güzəştlərə əsaslanan danışıqların başlanmasını və davam etdirilməsini ciddi şəkildə çətinləşdirir".
Mehriban Yariyeva
13:28 24.07.2025
Oxunuş sayı: 13756