İstanbulda Rusiya–Ukrayna danışıqlarının üçüncü raundu: Substantiv razılaşma mümkün görünürmü?

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu iyulun 24-də baş tutacaq.
Bu barədə TASS-dakı mənbə məlumat yayıb.
Qeyd olunub ki, görüş iyulun 24-nə planlaşdırılıb və nümayəndə heyətləri 23-də İstanbula gələ bilərlər.
Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski Rusiya və Ukrayna nümayəndə heyətlərinin növbəti görüşünün iyulun 23-nə planlaşdırıldığını və onun Türkiyədə baş tutacağını bildirib.
Bildirilir ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.
Gözlənilən görüşün nəticələri barədə Crossmedia.az saytına danışan beynəlxalq münasibətlər üzrə ekpert Əziz Əlibəyli bildirib ki, danışıqların bu raundu əvvəlkilərlə müqayisədə daha əhəmiyyətli ola bilər. Onun sözlərinə görə, ABŞ-Rusiya xəttində müəyyən razılaşmaların əldə olunması, eyni zamanda Ukraynadakı hərbi vəziyyətin daha da gərginləşməsi tərəfləri çıxış yolu axtarmağa vadar edir: “Hər halda, ABŞ-Rusiya xəttində müəyyən ciddi irəliləyişlər və razılaşmalar müşahidə olunur. Bu kontekstdə Ukraynada son dövrlərdə baş verənlər də diqqətçəkicidir. Doğrudur, Ukrayna tam olaraq məğlub olmur, lakin ölkə çox ciddi bombalanmalara məruz qalır. Məsələn, dünən Azərbaycan səfirliyinin yerləşdiyi ərazilər də bombalandı”.
Ekspert hesab edir ki, hazırkı mərhələdə hər iki tərəf üçün danışıqlar qaçılmaz xarakter daşıyır: “Bu proseslər göstərir ki, artıq çıxış yolu getdikcə daralır. Hazırkı vəziyyətdə Rusiya həmin bataqlığa girib və orada boğulur, eyni zamanda Ukrayna dağıntıya uğrayır. Bu mənada həm Rusiya, həm də Ukrayna üçün üçüncü tərəfin – məsələn, Ağ Ev rəhbəri Donald Trampın – vasitəçilik təşəbbüsü real görünür”.
Ə.Əlibəylinin fikrincə, danışıqlar çətin və mürəkkəb məqamlarla müşayiət olunsa da, mövcud vəziyyət hər iki tərəfi güzəştə getməyə vadar edə bilər: "Hesab edirəm ki, hazırkı mərhələdə hər iki tərəfin danışıqlara ciddi ehtiyacı var. Buna baxmayaraq, tərəflər arasında diametral ziddiyyətlər qalmaqdadır. Hər iki tərəf özünün memorandum layihəsini təklif edir, lakin bunlar İstanbul danışıqlarında ortaq məxrəcə gətirilə biləcək əsas kimi, təəssüf ki, qəbul olunmur. Çünki hər kəsin öz mövqeyi və yanaşması var. Amma ortada ciddi şəkildə qarşılıqlı anlaşmaya və bu müharibənin gətirdiyi durğunluqdan çıxmağa ehtiyac yaranıb. Artan maliyyə sıxıntıları və digər iqtisadi problemlər Rusiya üçün xüsusilə dərin böhran yaradır. Bu da göstərir ki, danışıqlar qaçılmazdır və hər iki tərəf kompromisə getmək məcburiyyətindədir”.
Mehriban Yariyeva
12:46 22.07.2025
Oxunuş sayı: 1467