Xocalı kərpic zavodunun illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir

Xocalı rayonu Daşbulaq kəndində fəaliyyətə başlayan kərpic zavodunun illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir.
Crossmedia.az xəbər verir ki, bu barədə zavoda təşkil olunan media turda məlumat verilib.
Qeyd olunub ki, kərpic zavodunun əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən “Xocalı” gil yatağıdır.
Layihə dəyəri 8,5 milyon manat olan müəssisədə 60 nəfər daimi işlə təmin edilib. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.
Zavodda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq olunur.
Müəssisənin sahəsi bir hektara yaxındır. 6,5 hektar ərazi xammalın saxlanılması üçün ayrılıb.
Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə təqdim olunan bütün güzəşt və azadolmalardan yararlanacaq. İşğaldan azad edilmiş ərazilərdə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi bu ərazilərimizin iqtisadi potensialının reallaşdırılması, biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi kimi məsələlərdə çox mühüm rol oynayır. Bu ərazilərimizdə investor və sahibkarlar üçün əlverişli şərait yaradılır. Ümumilikdə, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə sənayeləşmə siyasəti sistemli və ardıcıl şəkildə aparılır. Bu məsələdə isə texnoloji modernləşmə və innovativ istehsal sahələrinin artırılması əsas prioritetlərdəndir.
Xatırladaq ki, iyulun 18-də Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib.(report)
15:48 19.07.2025
Oxunuş sayı: 581