NATO baş katibi xəbərdarlıq etdi: Çin Tayvana hücum edir?- Növbəti böyük savaş

NATO Baş katibi Mark Rutte “The New York Times” qəzetinə verdiyi geniş müsahibəsində diqqətçəkən bir ehtimal irəli sürüb. Rutte bildirib ki, əgər Çin Tayvan adasına hücum edərsə, bu zaman Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinə zəng edərək NATO ərazisinə zərbə vurmağı xahiş edə bilər. Bu, kifayət qədər təhlükəli ssenari olmaqla çoxdandır müzakirə olunan üçüncü dünya müharibəsinin başıanmasına şərait yarada bilər.
Sözügedən ssenari barədə Crossmedia.az-a danışan politoloq Zeynal Əmrəliyev bu addımın əsas məqsədinin Qərbin diqqətini Tayvandan yayındırmaq olduğunu deyib: "Rutte bu ehtimalı istisna etmədiyini bildirib və hesab edir ki, belə bir ssenaridə Rusiya NATO-nun şərq cinahında yerləşən bir ölkəyə hücum edə bilər. Onun konkret ad çəkdiyi ölkə isə Estoniyadır. Rutte həmçinin bu tip ssenarilərin qarşısını almaq üçün NATO-nun Hind-Sakit okean bölgəsində fəallığını artırmalı olduğunu da vurğulayıb. Qərb uzun müddətdir ehtimal edir ki, Çin Tayvanı birləşdirmək niyyətindədir və bu proses yalnız münasib beynəlxalq şəraitin yetişməsini gözləyir.
Si Cinpin dəfələrlə bəyan edib ki, Tayvan Çinə məxsusdur və bu məsələ bir gün həllini tapmalıdır. NATO baş katibinin söylədiyi fikirlər real görünsə də olduqca çətindir. Birinci növbədə, Rusiya Ukrayna ilə savaşda xeyli ciddi resurs itkisinə məruz qalıb. Bu onun genişmiqyaslı müharibəyə girmək imkanını zəiflədir. Əgər Ruttenin iddia etdiyi kimi Rusiya Estoniya hücum edərsə, bu, avtomatik NATO - nun V maddəsinin işə düşməsinə səbəb olacaq. Yəni Estoniya NATO üzvü olduğu üçün Alyans Ukraynadakı kimi sakit qala bilməyəcək. Məcbur öz üzvünü müdafiə etməli olacaq".
Müsahibimizin fikrincə, Rusiya hazırda nə şəxsi heyət, nə də silah arsenalı baxımından NATO ilə toqquşacaq gücdə deyil: "Ancaq Rusiya - Çin ittifaqı bu məsələnin öhdəsindən gələ bilər. Əgər Rusiya ərazisinə Qərbdən hücum olacağı təqdirdə Çin cavab zərbələrinə başlasa, bu NATO - nu pis vəziyyətdə qoya bilər. Xüsusilə Çinin savaşa qoşulması NATO - nun Şərqi Asiyadakı üzvləri və tərəfdaşları üçün ciddi problemdir. Təsadüfü deyil ki, Yaponiya uzun müddətdir məhz bu məsələlərə görə NATO - dan müstəqil müdafiə təşkilatının qurulmasını tələb edir. Əgər ABŞ şərqdəki müttəfiqlərini qoruya bilməsə, bu, Vaşinqtona ikitərəfli ziyan vuracaq. Birincisi, NATO - nu vahidliyini qoruyub saxlamaq mümkün olmayacaq. Asiyada Rusiya - Çin ittifaqına qarşı Yaponiyanın başçılığı altında yeni güc mərkəzi meydana gələcək. İkincisi isə Şərqi Asiya ölkələrinin ABŞ ilə olan müttəfiqliyinin bitməsinə səbəb olacaq. Bu Vaşinqtonun özünün təhlükəsizliyi üçün ciddi problemlər yaradır. Bu baxımdan NATO - nun bölgə ölkələrində hərbi fəallığını gücləndirməsi, o cümlədən Çin sahillərində alyansın yeni hərbi təlimlərə başlaması istisna deyil".
Kənan Novruzov
20:55 14.07.2025
Oxunuş sayı: 1082