Rusiya: ABŞ-nin Ukraynaya silah yardımı davam edir, üçüncü raund danışıqlara hazırıq

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ukraynaya hərbi yardımı daha əvvəl də olub və indi də davam edir.
Crossmedia.az TASS-a istinadən bildirir ki, Peskov ABŞ-ın Ukraynaya silah, sursat və hərbi texnika tədarükünün kəsilmədiyini vurğulayıb. Onun sözlərinə görə, əvvəllər ABŞ rəsmiləri bu yardımların baha başa gəldiyini qeyd etsələr də, indi bu silahların, xüsusilə Patriot raketlərinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsi planlaşdırılır.
“Çox sözlər deyildi bu yardımların baha olması ilə bağlı. İndi isə görünür, bu tədarüklərin maliyyəsini Avropa üzərinə götürəcək. Nəyi maliyyələşdirəcəklər, nəyi yox – bu, başqa məsələdir. Amma fakt olaraq qalır ki, ABŞ Ukraynaya silah, sursat və hərbi texnika tədarükünü davam etdirib və hələ də davam etdirir,” – deyə Kremlin sözçüsü bildirib.
Peskov, həmçinin, Rusiya tərəfinin Ukrayna ilə sülh danışıqlarının üçüncü raundunu keçirməyə hazır olduğunu da qeyd edib. O vurğulayıb ki, danışıqların vaxtı hələ də müəyyən edilməyib, çünki Ukrayna tərəfi bu prosesə tələsmir.
“Görünür ki, Kiyev tələsmir. Biz isə danışıqların üçüncü mərhələsinə hazırıq və vaxtla bağlı təklifləri gözləyirik. Mövcud vəziyyətin inkişafı ilə bağlı deyə biləcəyimiz budur,” – deyə Peskov əlavə edib.
Fidan Qarayeva
16:04 14.07.2025
Oxunuş sayı: 651