Özbəkistan Prezidenti administrasiyasının yeni strukturunu təsdiqləyib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev administrasiyasının yeni strukturunu təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Şerzod Asadov sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, Ş.Mirziyoyev "Dövlət idarəçiliyi sistemində səmərəliliyin, proaktivliyin və nəticəliliyin artırılması tədbirləri haqqında" fərman imzalayıb.
Fərmanla Özbəkistan Prezidenti administrasiyasının yeni strukturu təsdiqlənib. Nəticədə administrasiya və onun sistemindəki təşkilatlarda 284 ştat vahidi ixtisar edilib, təkrarlanan vəzifələr optimallaşdırılıb.
Sənədə əsasən, administrasiyanın fəaliyyətində beş prioritet istiqamət müəyyən edilib: təhsil, biznes mühiti, məhkəmə-hüquq sistemi, səhiyyə və su ehtiyatları. Bu sahələrdə islahatların səmərəli həyata keçirilməsi üçün administrasiyanın strukturunda beş rəhbər müavini vəzifəsi təsis edilib.
Ayrı-ayrı istiqamətlər üzrə Prezidentin nümayəndələri vəzifələri təsis edilib. Həmçinin, İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi ləğv edilib, onun bazasında Milli Kontent İstehsalı üzrə Mərkəz formalaşdırılır.
15:39 14.07.2025
Oxunuş sayı: 529