İsrail “Dror 1” peykini Maskın SpaceX şirkəti vasitəsilə kosmosa göndərdi

İsrail təhlükəsizlik qurumlarına rabitə xidməti göstərmək məqsədilə “Dror 1” adlı yeni rabitə peykini amerikalı milyarder İlon Maskın sahibi olduğu SpaceX şirkəti vasitəsilə kosmosa buraxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN-ın məlumat yayıb. İsrail Aviasiya və Kosmos Sənayesi (IAI) tərəfindən hazırlanan “Dror 1” peyki ABŞ-nin Cape Canaveral hərbi bazasından SpaceX-in “Falcon 9” raketi ilə bu səhər fəzaya göndərilib. Peykin 15 il müddətində fəaliyyət göstərəcəyi bildirilir.
Peykin əsas məqsədi İsrailin rabitə infrastrukturunda özəl şirkətlərə olan asılılığını azaltmaq və təhlükəsizlik qurumlarına birbaşa və davamlı rabitə dəstəyi verməkdir.
İsrailin “Globes” iqtisadi nəşri isə “Dror 1” peykinin İsrail hökumətinin sifarişi ilə hazırlanaraq 200 milyon dollara başa gəldiyini yazıb.
Qeyd edək ki, İsrail 2016-cı ildə də SpaceX ilə əməkdaşlıq çərçivəsində “Amos 6” rabitə peykini kosmosa göndərməyə cəhd etmiş, lakin “Falcon 9” raketinin buraxılış zamanı partlaması nəticəsində bu cəhd uğursuz olmuşdu.
Mədinə Cəlilova
20:00 13.07.2025
Oxunuş sayı: 776