Cənubi Koreyada tibb tələbələri 17 aylıq boykotu dayandırır

Cənubi Koreyada əvvəlki hökumətin həyata keçirmək istədiyi səhiyyə islahatlarına etiraz olaraq 17 ay əvvəl dərsləri boykot edən tibb tələbələri aksiyalarına son verməyə qərar verib. Tələbələr, təhsillərinə davam edəcəklərini və dərslərə geri dönəcəklərini açıqlayıb. Baş nazir Kim Min-seok bu qərarı alqışlayaraq, “Bu, irəliyə doğru atılmış mühüm addımdır”,- deyə bildirib.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” xəbər agentliyinin məlumatına görə, tibb tələbələri birliyi 12 iyul şənbə günü yaydığı bəyanatda dərslərə davam etmək barədə qərar aldıqlarını elan edib. Bu addımın ölkədəki səhiyyə böhranına potensial bir həll gətirə biləcəyi qeyd olunur.
Tələbələrin boykotu keçmiş prezident Yun Suk Yeol-un dövründə başlamışdı. O zaman hökumət səhiyyə sahəsindəki çatışmazlıqları əsas gətirərək tibb fakültələrinə 2 min əlavə kvota ayırmaq qərarı vermişdi. Lakin bu qərarın tibb təhsili və xidmətlərinin keyfiyyətini aşağı salacağı iddiası ilə minlərlə praktikant həkim 20 fevral 2024-cü ildə, başda paytaxt Seul olmaqla, müxtəlif şəhərlərdə etiraz aksiyalarına başlamış və kütləvi şəkildə istefa vermişdi.
İstefa verən təxminən 5 min praktikant həkimə qarşı lisenziyalarının dayandırılması ilə bağlı xəbərdarlıq bildirişləri göndərilmişdi. Eyni zamanda, etirazlara dəstək verən tibb professorları da 25 mart tarixindən etibarən istefa verməyə başlamışdı.
Seul universitetlərinə əlavə kontingent verilməsə də, ölkə üzrə digər ali təhsil müəssisələrinə bu kvotalar paylanmışdı. O vaxtkı prezident Yoon, aprelin 1-də etdiyi xalqa müraciətində kontingentlərin artırılması qərarından geri çəkilməyəcəklərini vurğulamışdı.
Mədinə Cəlilova
18:45 13.07.2025
Oxunuş sayı: 573