Ukrayna kəşfiyyat zabitinə sui- qəsd təşkil edən rus agentinin öldürüldüyünü bildirib

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) bu həftə Kiyevdə baş verən sui-qəsdlə bağlı iki rus agentinin öldürüldüyünü açıqlayıb. Məlumata görə, UTX əməkdaşı İvan Voronıxə qarşı həyata keçirilən hücumun əsas təşkilatçıları kimi tanınan şübhəlilər saxlanılmağa çalışılarkən müqavimət göstəriblər və silahlı qarşıdurma nəticəsində zərərsizləşdiriliblər.
Crossmedia.az xəbər verir ki, “CNN International”ın məlumatına görə, UTX baş verən hadisənin arxasında Rusiyanın Federal Təhlükəsizlik Xidməti (RFTX) olduğunu hesab edir. İvan Voronıx cümə axşamı səhəri paytaxt Kiyevdə silahlı hücuma məruz qalaraq həlak olub. UTX rəsmiləri bu hadisəni “açıq bir sui-qəsd” adlandırıblar.
UTX-nın yaydığı açıqlamada bildirilir ki, biri qadın, digəri kişi olmaqla iki şübhəli hücumdan sonra gizlənməyə çalışıb. Lakin Ukrayna polisi və təhlükəsizlik qüvvələri onların yerini müəyyən edərək əməliyyat həyata keçirib. UTX direktoru Vasili Malyuk bildirib: “Gizli istintaq və əks-kəşfiyyat tədbirləri nəticəsində düşmənin yuvası tapıldı. Onlar saxlanılmağa müqavimət göstərdi və nəticədə zərərsizləşdirildilər”.
Malyuk videomüraciətində “Düşmən üçün Ukrayna torpağında tək seçim ölümdür” sözləri ilə çıxış edib.
UTX-nın məlumatına görə, iki şübhəli əvvəlcə İvan Voronıxın gündəlik həyat tərzini izləmək tapşırığı alıb, daha sonra susturucu ilə təchiz olunmuş tapança olan bir evə yönləndirilib. Onların məqsədi peşəkar şəkildə sui-qəsdi həyata keçirmək olub.
UTX həm daxili təhlükəsizliyə, həm də Rusiyaya qarşı diversiya və kəşfiyyat əməliyyatlarına cavabdeh əsas qurumdur. Məlum sui-qəsd, Rusiyanın Ukraynaya qarşı hava hücumlarını gücləndirdiyi bir dövrə təsadüf edir. Bu həftə Rusiya Ukraynaya qarşı indiyə qədərki ən böyük iki PUA hücumunu həyata keçirib.
Mədinə Cəlilova
18:15 13.07.2025
Oxunuş sayı: 855