Yeni Kaledoniya: Müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olunub

On günlük danışıqlardan sonra Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və əleyhdarları arasında Fransa tərəfindən tarixi hadisə kimi qiymətləndirilən razılaşma imzalanıb.
Crossmedia.az xəbər verir ki, 13 səhifəlik sənəddən ibarət razılaşmada Fransa daxilində xüsusi statusa malik Yeni Kaledoniya Dövlətinin yaradılması nəzərdə tutulur. Bu status kaledoniyalılara ikili vətəndaşlıq — Fransa və Kaledoniya vətəndaşı olmaq imkanı verir və onların kimliyini tanımaqla yanaşı, Fransa ilə əlaqəni də saxlayır. Sənədə görə, digər ölkələr də Yeni Kaledoniya Dövlətini tanıya biləcək.
Razılaşma yalnız institusional məsələlərlə məhdudlaşmır. O, eyni zamanda iqtisadi və maliyyə islahatları paktını da əhatə edir. Bu pakt Yeni Kaledoniya iqtisadiyyatının əsas sütunlarından biri olan nikel sənayesi üçün strateji planı da özündə ehtiva edir.
Razılaşmanın qüvvəyə minməsi üçün 2026-cı ilin fevralında Yeni Kaledoniyada keçiriləcək referendumda təsdiq olunması nəzərdə tutulur.
13:30 13.07.2025
Oxunuş sayı: 984