Tehranda Ali Milli Təhlükəsizlik Şurasının iclasına raket hücumu – Rəsmilər təcili çıxışdan qaçıblar

SEPAH-a bağlı Fars Xəbər Agentliyinin məlumatına görə, iyunun 16-da səhər saatlarında Tehranın qərbində yerləşən binada keçirilən Ali Milli Təhlükəsizlik Şurasının iclası zamanı raket hücumu baş verib.
Crossmedia.az xəbər verir ki, iclas binanın aşağı mərtəbələrindən birində təşkil olunub və orada İran hökumətinin üç qolunun rəhbərləri, eləcə də digər yüksək vəzifəli şəxslər iştirak ediblər. İclas zamanı İsrail tərəfindən həyata keçirildiyi iddia edilən hücum nəticəsində bir neçə raket və ya bomba binanın giriş-çıxışlarını hədəfə alıb.
Partlayışlardan sonra iclasın keçirildiyi mərtəbədə elektrik enerjisi kəsilib. Rəsmilər binanı qəza çıxışından tərk edərək təxliyə olunublar. Hücum zamanı Məsud Pezeşkian və bir millət vəkilinin də daxil olduğu bəzi şəxslər yüngül şəkildə ayaqlarından xəsarət alıblar.
Hadisə İran rəsmiləri və ictimaiyyəti arasında ciddi narahatlıq yaradıb. Rəsmi qurumlardan hələlik əlavə açıqlama verilməyib.
10:47 13.07.2025
Oxunuş sayı: 890