Miras mübahisələri azalacaq - Hüquqşünas açıqladı

Azərbaycan Respublikasının Prezidenti Torpaq, Mülki Prosessual, Mülki Məcəllələrə, eləcə də “Notariat haqqında” və “İcra haqqında” qanunlara mühüm dəyişiklikləri təsdiqləyib. Bu qanun dəyişikliyi miras hüququ sahəsindəki normativ bazanı daha da təkmilləşdirməklə, son illərdə artmaqda olan mirasla bağlı mülki mübahisələrin və məhkəmə çəkişmələrinin qarşısının alınmasına yönəlib. Yeni qaydalara əsasən, mirasın rəsmən qəbul və ya ondan imtina olunması prosesi daha dəqiq hüquqi mexanizmlərlə tənzimlənəcək və bu da vərəsələr arasında yaranan hüquqi qeyri-müəyyənlikləri aradan qaldırmağa xidmət edəcək.
Mövzu ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev Crossmedia.az-a açıqlama verib:
“Mülki Məcəllədə vərəsəliklə bağlı ediləcək dəyişikliklər təbii ki, miras mübahisələrinin azalmasına səbəb ola bilər. Bu, dəyişikliklərin konkret məzmunu və praktik icrası ilə mümkün olacaq. Ümumiyyətlə, miras mübahisələrinin sayının azalması üçün bir çox hüquqi və sosial amillər həlledici rol oynayır.
1. Əgər yeni dəyişikliklər miras paylarının dəqiq müəyyən olunması, vərəsələrin dairəsinin açıq şəkildə göstərilməsi və miras bölgüsünün mexanizmlərinin sadələşdirilməsi ilə bağlıdırsa, bu, mübahisələrin qarşısını ala bilər. Məsələn, vərəsəlik hüququnda əlaqəsiz şəxslərin iddialarını istisna edən dəyişikliklər faydalı olar.
2. Mirasın notariat qaydasında sürətli və şəffaf şəkildə rəsmiləşdirilməsi prosesi sadələşdirilərsə, mübahisə ehtimalı da azalır. Elektron qeydiyyat və rəqəmsal vərəsəlik reyestrinin yaradılması da bu baxımdan mühümdür.
3. Saxta sənədlərlə miras iddia edən şəxslərin qarşısını almaq üçün mexanizmlər (məsələn, mirasın məhkəmədən kənar tanınması və ya rədd olunması prosedurları təkmilləşdirilərsə, bu da mübahisələri azaldar. Bir sözlə dəyişikliklər birbaşa mahiyyətə əsaslanmalıdır, terminoloji və texniki məsələlərə aid olmamalıdır”.
Ayhan
12:41 11.07.2025
Oxunuş sayı: 945