Sosioloq övladlarının taleyi ilə bağlı valideynlərə mühüm çağırış etdi: "Yüz ölçüb, bir biçin"

Son illərdə Azərbaycanda yeni doğulan körpələrə verilən adlar arasında qeyri-ənənəvi, nadir və hətta əcnəbi mənşəli adların sayı getdikcə artır. "Report"un əldə etdiyi son statistikaya əsasən, bu ilin ilk altı ayında Koroğlu, Elmidar, Ramon, Tükəzban, Xilqət və digər adlar uşaqlara verilib.Valideynlərin hazırkı dövrdə daha çox trendlərə, gündəmə və zamanın axarına uyğun adlar seçməyə çalışdığı müşahidə olunur.
Əslində bu, yeni tendensiya deyil. Qəribə adlar uzun müddətdir ki, cəmiyyətin əsas problemlərindəndir. Valideynlərdən soruşsaq, qərarlarını əsaslandıracaqlar. Uşaq da dil, ağzı söz tutana necə deyərlər, iş işdən keçmiş olur. Deyə bilmir ki, bu nə addır mənə qoymusuz? Hərçənd ömrü boyu narahat olur- məktəbdə də, universitetdə, işdə də...Hətta qəribə olsa da, ola bilsin, vəzifəyə gəlməkdən, status qazanmaqdan da çəkinirər. Beləliklə, valideynlər əslində birbaşa uşaqlarının taleyinə təsir edirlər.
Sosioloq Lalə Mehralı bu barədə Crossmedia.az - a açıqlamasında bildirib ki, valideynlər, hansısa serialda, klipdə və ya məşhur şəxsdə eşitdikləri adı övladlarına verməzdən əvvəl onun mənasını, mənşəyini, daşıdığı enerjini düşünməlidirlər: "Çünki ad taledir. Ad insan həyatına, onun gələcəyinə təsir edə biləcək gücə malikdir. Bəzən bu məsəlyə bəsit baxırıq, amma bu, bəsit deyil. Ona görə də uşaqlara çalışıb birinci — milli soykökə bağlı olan adlar vermək lazımdır, ikinci isə — gözəl mənalı adlar seçmək lazımdır. Çox vaxt görürük, nənənin, babanın adlarını uşaqlara verirlər və valideynlər bundan o qədər də məmnun qalmırlar. Dövrlər ayaqlaşan, amma mənası gözəl olmayan və yaxud heç bir məna ehtiva etməyən adlar uşaqlara verilməməlidir. Bu uşağın gələcək həyatında ciddi daptasiya, ünsiyyət, sosiallaşma baxımından ciddi problemlərə səbəb olur. Odur ki, ad verərkən bunu yüz dəfə ölçüb, bir dəfə biçmək lazımdır".
Zahidli Bənövşə
14:12 07.07.2025
Oxunuş sayı: 1190