"Azərbaycanda rəqəmsal dünya vaxt itkisi və sağlamlıq problemlərinə səbəb olur" - Psixoloqdan fərqli yanaşma

Müasir dövrdə texnologiyanın sürətli inkişafı insanların həyat tərzinə, ünsiyyət formasına və gündəlik vərdişlərinə köklü şəkildə təsir göstərib. Bu dəyişikliklər xüsusilə gənclər, yeniyetmələr və uşaqlar arasında daha qabarıq hiss olunur. Əlçatan internet, ağıllı telefonlar, sosial şəbəkələr və onlayn oyunlar yeni nəsil üçün həm bir informasiya mənbəyinə, həm də əsas əyləncə vasitəsinə çevrilib. Lakin bu rəqəmsal imkanlardan istifadə ilə yanaşı, onların yaratdığı asılılıq da cəmiyyət üçün ciddi narahatlıq doğuran bir problemə çevrilməkdədir. Bu asılılıq yalnız fərdi deyil, həm də sosial və psixoloji səviyyədə ciddi fəsadlar doğurur. Məhz buna görə də rəqəmsal asılılıq məsələsi bu gün aktual və müzakirəyə açıq mövzulardan biridir.
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Crossmedia.az-a açıqlama verib:
"Günümüzdə gənclər, yeniyetmələr və hətta uşaqlar arasında rəqəmsal asılılıq narahatedici dərəcədə artıb. Rəqəmsal asılılıq dedikdə əsasən mobil telefonlardan, sosial şəbəkələrdən və müxtəlif onlayn oyunlardan intensiv istifadə nəzərdə tutulur. Təəssüf ki, bu hal artıq həyəcan təbili çalınacaq səviyyəyə çatıb. Bu asılılıq bir çox ciddi fəsadlar yaradır. Gənclər arasında yuxu rejiminin pozulması, görmə zəifliyi, onurğa problemləri, davamlı baş ağrıları, psixoloji gərginlik, stress və depressiya halları artmaqdadır. Xüsusilə oyunlar zamanı uşaqlar ilə valideynlər arasında tez-tez mübahisələr yaranır. Bu münaqişələrin kökündə isə uşaqların virtual aləmdən asılı hala düşməsi dayanır. Rəqəmsal asılılıq real həyatdan uzaqlaşmaya, nitq qabiliyyətinin zəifləməsinə, ünsiyyət və sosial bacarıqların itirilməsinə səbəb olur. Uşaq və yeniyetmələr gündəliklərini tamamilə telefonla keçirdikcə, zamanla ailə və dost münasibətlərində soyuqluq, yaxınlıq hissinin itməsi kimi ciddi sosial problemlər ortaya çıxır. Bu da gələcəkdə həm ailə qurmaqda, həm də dostluq münasibətləri yaratmaqda çətinliklər yaradır".
Psixoloq rəqəmsal dünyanın müsbət tərəflərindən də danışıb:
"Bununla belə, rəqəmsal texnologiyanın tamamilə mənfi olduğunu demək də doğru olmazdı. Onun müsbət tərəfləri də mövcuddur. Gənclər digər ölkələrdən olan insanlarla əlaqə qurur, fikir və bilik mübadiləsi aparır, yeni bacarıqlar öyrənirlər. Onlayn dərslərə qoşulmaq, ixtisaslarını inkişaf etdirmək və hətta iş tapmaq imkanları əldə edirlər. Lakin təəssüf ki, Azərbaycanda bu imkanlardan səmərəli istifadə edənlər azlıq təşkil edir. Əvəzində isə daha çox asılılıq, vaxt itkisi və sağlamlıq problemləri müşahidə olunur. Bu səbəbdən rəqəmsal texnologiyalardan istifadədə balansın qorunması və maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir".
Ayhan
17:42 28.06.2025
Oxunuş sayı: 940