ABŞ və İsrail İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı araşdırmalar aparır

ABŞ administrasiyası İranın zənginləşdirdiyi uranın harada saxlanıldığı və gələcək taleyi ilə bağlı araşdırmalar aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatları beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Vens “ABC News” telekanalına müsahibəsində bildirib ki, zənginləşdirilmiş uran məsələsi Tehranla planlaşdırılan danışıqlarda əsas gündəm mövzularından biri olacaq:
“Biz qarşıdakı həftələrdə bu məsələ ilə bağlı konkret addımlar atılmasını təmin etməyə çalışacağıq. İran artıq bu ehtiyatları silah dərəcəli urana çevirmək gücünə malik deyil və bu, onların əsas hədəfi idi”, – deyə Vens vurğulayıb.
Vitse-prezident "Fordo" nüvə obyektinin ciddi zədələndiyinə dair “The New York Times”ın yaydığı məlumatı şərh edərək deyib:
“Ciddi zədələnmə ilə tamamilə dağılma arasındakı fərq aydın deyil, lakin bildiyimiz budur ki, İranın nüvə proqramı əhəmiyyətli dərəcədə geriləyib”.
Dövlət katibi Marko Rubio isə bildirib ki, İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatının böyük hissəsinin ABŞ-nin hava zərbələri endirdiyi İsfahandakı nüvə obyektində saxlanıldığına inanılır.
İsrailin baş naziri Benyamin Netanyahunun “Maraqlı kəşfiyyatımız var” sözləri isə uranın dəqiq yeri və taleyi ilə bağlı sualları daha da artırıb. Onun bu müəmmalı açıqlaması Qərbin İranın nüvə fəaliyyəti ilə bağlı narahatlığını bir daha gündəmə gətirib.
10:22 23.06.2025
Oxunuş sayı: 661