Azərbaycanın suverenlik salnaməsində 20 Sentyabrın xüsusi yeri
Bir dövlət üçün suverenlik yalnız xəritədə sərhədlərin mövcudluğu deyil, həmin ərazidə dövlət hakimiyyətinin tam şəkildə həyata keçirilməsi deməkdir. Azərbaycanın müasir tarixində 20 sentyabr bu anlayışın konkret tarixi hadisə ilə əlaqələndiyi günlərdən biridir. 2023-cü il sentyabrın 19-da başlayan 23 saatlıq antiterror tədbirləri sentyabrın 20-də başa çatıb və Azərbaycan ərazisində dövlət suverenliyinin tam bərpa olunduğu elan edilib.
Bu tarix 2024-cü ildə Prezidentin sərəncamı ilə Dövlət Suverenliyi Günü kimi təsis edilib. Bu günün mahiyyəti yalnız 2023-cü ildə baş verən hadisə ilə məhdudlaşmır. Suverenliyin bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq, məskunlaşma və Böyük Qayıdış prosesləri dövlətçilik tarixinin yeni mərhələsi kimi davam edir.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov 20 Sentyabrın Azərbaycanın dövlət suverenliyinin tam bərpasını və ərazi bütövlüyünün təmin olunmasını ifadə edən mühüm tarixi gün olduğunu bildirib.
“Azərbaycan xalqının tarixin müxtəlif dövrlərində üzləşdiyi çağırışlara, işğala və məhrumiyyətlərə baxmayaraq, müstəqillik və dövlətçilik əzmimiz sarsılmayıb. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri tarixi Zəfər qazanıb, ölkəmiz ərazi bütövlüyünün bərpasına nail olub. 2023-cü il sentyabrın 19-da başlayan antiterror tədbirləri isə sentyabrın 20-də başa çatıb və nəticədə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Dövlət Suverenliyi Gününün təsis edilməsi bu tarixi proseslərin məntiqi nəticəsidir: “Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq Dövlət Suverenliyi Günü təsis edildi. Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir”.
Deputat vurğulayıb ki, suverenliyin bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir: “İşğaldan azad olunmuş torpaqlarımızda, Qarabağ və Şərqi Zəngəzurda analoqu olmayan quruculuq və bərpa işləri xüsusilə qürur doğurur. Yollar, dəmir yolları, hava limanları, ağıllı kənd və şəhər layihələri regionu müasir inkişaf mərkəzinə çevirir. Bu ərazilərdə həyata keçirilən quruculuq işləri dünyanın diqqətini çəkir”.
“Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Suverenlik dövlətlərin varlığını və mövcud olmaq qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca amillərdən biridir. Dövlət Suverenliyi Günü gələcək nəsillərə bir mesajdır. Bu, sadəcə əlamətdar gün deyil, həm də böyük qələbələrin, siyasi iradənin və dövlətçilik ənənələrinin təntənəsidir”, - deyə o əlavə edib.
Nigar Xəlilli
16:00 19.09.2026
Oxunuş sayı: 116